14 Sentyabr 2018 19:22
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya, Şimali Afrika və İraq ətrafında gedən proseslər tamamilə ayrı-ayrı siyasi müstəvidə cərəyan edir. Yəni, bu bölgədə baş verənlərin keçmiş sovet coğrafiyasına aidiyyəti çox azdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Politoloq son zamanlarda Suriyanın İdlib bölgəsi ətrafındakı proseslərə də diqqət çəkib:

“Tehranda İdlib məsələsi ilə bağlı Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü keçirildi. Bu görüşdən sonra Rusiya KİV-də Türkiyənin İdlib məsələsi ilə bağlı tutduğu mövqeyə qarşı fikirlər səsləndirildi. Türkiyə də İdlib ətrafındakı bölgələrdə fəallaşmağa başladı. Əlbəttə, İdlibin terror təşkilatları tərəfindən ələ keçirilməsi, Türkiyənin ərazi bütövlüyünün təhdid edilməsi deməkdir. Buna görə də, Türkiyə İdlib məsələsinə həssas yanaşır. Rusiya və İran isə bu bölgənin Bəşər Əsəd rejiminin nəzarətində qalmasına maraqlıdır.

Buna görə də, son danışıqların hamısı bu istiqamətdə gedib. Digər yandan, ABŞ və digər Qərb dövlətləri elan ediblər ki, kimyəvi silahdan istifadə olunsa, İdlibdə əməliyyatlara başlayacaqlar. Bu isə o deməkdir ki, İran, Bəşər Əsəd və onların müttəfiqlərinin mövqelərini ABŞ vura bilər.

Lakin İdlib ətrafındakı gərginliyin Cənubi Qafqaza keçməsi az ehtimal edilir. Bu, ancaq Türkiyə-İran və Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi vəziyyətində mümkün ola bilər”.

Sədrəddin Soltan qeyd edib ki, Cənubi Qafqaza təsir edən əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsidir: “Cənubi Qafqaz və Yaxın Şərqdə gedən proseslər tamamilə ayrı-ayrı müstəvilərdə cərəyan edir.
Hazırda Rusiyanın Ermənistan hökumətindən əsas tələbi budur ki, Rusiyanın Suriyadakı bazalarına hərbi qüvvə göndərsin. Paşinyan hökuməti isə Suriyaya 100 hərbçi göndərəcəyini bəyan edib. Bu, Rusiyanın Paşinyandan mövqe seçmək tələbidir. Yəni, Rusiya bununla onu ayırd etmək istəyir ki, Ermənistanın yeni hökuməti Qərb tərəfindədir, yoxsa onun tərəfindədir.

Əgər erməni hərbçilər Rusiya kontingenti daxilində Suriyaya daxil olacaqlarsa, demək ki, Paşinyan hökuməti Suriya məsələsində Moskva tərəfindədir. Yəni, Suriya məsələsinin Cənubi Qafqaza aidiyyəti Ermənistanın həmin bölgəyə hərbi birləşmə göndərəcəyi ilə bağlı ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər