Tanınmamış Donetsk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenkoya sui-qəsd Qərb xüsusi xidmət orqanlarının iştirakı ilə həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma respublikanın başçısı səlahiyyətlərini icra edən Denis Puşilin bildirib:
“Terror aktı Ukrayna Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat Departamentinin 5-ci şöbəsi tərəfindən həyata keçirilib. Bizim xüsusi xidmət orqanlarının sonrakı təhqiqatı, partlayıcı maddələrin qalıqlarının analizi həmin maddənin hazırlanmasında yüksək texnologiyalardan istifadə olunduğunu üzə çıxarıb.
Həmin texnologiyaların əvvəllər Ukrayna Təhlükəsizlik Xidnməti tərəfindən istifadəsinə rast gəlinməyib. Bu, sözügedən teraktın Qərb xüsusi xidmət orqanlarının iştirakı ilə törədildiyini deməyə əsas verir”.
Puşilin əlavə edib ki, teraktın təhqiqatına Rusiya köməklik edir.