BMT-nin baş katibi Antonio Quterreş İranda insan haqlarının pozulması və qeyri-fars dillərinə qoyulmuş qadağa ilə bağlı hesabatını təqdim edib.
Teleqraf.com xəbər verir ki, hesabat BMT-nin Nyu-Yorkda keçirilən sammitində təqdim olunub.
Bu barədə Ərk- Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizi məlumat verib.
Onun sözlərinə görə, hesabat 77 bənddən ibarətdir, 57-ci bəndi Güney Azərbaycan məsələsinə həsr olunub.
“BMT-nin Baş Assambleyasına İranda bəhai və Azərbaycan türklərinə qarşı ayrı-seçkiliyin edildiyinə dair əlavə hesabat təqdim olunub. Müşahidələr göstərir ki, İranda siyasi məhbusların əksəriyyəti, həmçinin təhlükəsizlik və siyasi ittihamlarla edam olunanların bir çoxu milli azlıqlara mənsub qrupların üzvləridir”- hesabatın 57-ci bəndində qeyd edilib.
Hesabatda qeyd edilən problemlərin həllinə dair İran hakimiyyətinə qarşı tələb irəli sürülüb.