Yaxın Şərqdə mövqeləri kifayət qədər zəifləyən İŞİD terror təşkilatı öz funksiyasını sona qədər yerinə yetirməyib.
Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev belə deyib.
Politoloqun sözlərinə görə, ərəb ölkələrində öz funksiyasını həyata keçirdikdən sonra İŞİD-in böyük dövlətlərin maraqları olan bölgələrdə özünü göstərməyə çalışacağı mümkündür:
“Bu, Rusiya xüsusi xidmət orqanlarının xəbərdarlığıdır ki, İŞİD Orta Asiya və bir sıra dövlətlərdə baş qaldıra bilər. Əgər onlar Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanı nəzərdə tuturlarsa, bu, bölgədə terror təşkilatının cücərtiləri çoxdan var idi. İstər Özbəkistan İslam Ordusu, istər Hizbut ət-Təhrir, istərsə də digər adlar altında bölgədə fəaliyyət göstərir. İŞİD-ə biət edən bu qruplaşmalar bölgədə xilafət quracaqlarını elan ediblər.
Hesab edirəm ki, bu, xüsusi xidmət orqanlarının oyunlarına daha çox oxşayır”.
Arzu Nağıyev bildirib ki, İŞİD-in də Orta Asiya və digər bölgələrə Əfqanıstandan yayılmağa başlayacağı gözlənilir:
“Böyük dövlətlərin marağına oynayan bu məsələnin Rusiyaya qarşı atılmış addım olması da istisna deyil. Buna görə də, Rusiya bu bəyanatı verməklə göstərməyə çalışır ki, terrorizmlə mübarizədə bir yerdə olmalıdırlar.
İstər Rusiyanın Şimali Qafqaz bölgəsində baş verən hadisələr, istərsə də İranda törədilmiş terror aktları, Orta Asiyanın təhdid edilməsi, Əfqanıstan və Pakistanda cərəyan edən qanlı hadisələri İŞİD-lə bağlamağa çalışırlar. Amma bu istiqamətdə təkcə İŞİD yox, digər terror təşkilatları da fəaliyyət göstərir. Böyük dövlətlərin bundan istifadə edəcəyi inandırıcıdır. Hesab edirəm ki, bunlar düşünülmüş və planlaşdırılmış məsələdir. Təhlükəsizliyə təhdid ehtimalı bu dəfə Orta Asiyadan gündəmə gətirilir”.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) İŞİD terror təşkilatının ağır itkilərə baxmayaraq, Orta Asiya və Müstəqil Dövlətləri Birliyi (MDB) məkanlarında yayılmağa cəhd etdiyini iddia edib.
FSB terror təşkilatının bölgə dövlətləri üçün ciddi təhdid olduğu ehtimalını da irəli sürüb.