Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan etnik ermənilər bu ölkədə keçirilən prezident seçkilərində ən nüfuzsuz namizədə səs veriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni “Jam-news” saytı yazır.
Sayt bildirir ki, Cavaxetiya erməniləri seçkilərdə namizəd kimi iştirak edən Mixail Saluaşvili ilə keçmiş prezident Mixail Saakaşvilini səhv salıblar və seçkilərdə namizəd kimi iştirak edən Saluaşvilinin keçmiş prezident Saakaşvili olduğunu zənn edərək ona səs veriblər:
“Seçkilərin ilk mərhələsi oktyabrın 2-də baş tutdu. İlk turda namizədlər Salome Zurabişvili (hökumətin namizədi) və Qriqol Vaşadze öz rəqiblərini xeyli geridə qoydular. Dekabrın 2-də baş tutacaq ikinci turda əsas mübarizənin bu iki namizəd arasında gedəcəyi artıq dəqiqləşib.
Belə bir vəziyyətdə gözlənilmədən etnik ermənilərin yaşadığı Cavaxetiyada boy göstərən “əbədi” namizəd Mixail Saluaşvilidir. Özünü “Tanrının səsi” olduğunu deyən Saluaşvili seçkilərdə səslərin cəmi 0.19 faizini aldı.
Digər yandan, Saluaşvili ölkədə yüksək nüfuza sahib deyil. Lakin maraqlıdır ki, o bu səslərin hamısını Cavaxetiyada yaşayan ermənilərdən alıb.
Paytaxtdan gəlmiş jurnalistləri də ən çox maraqlandıran məsələ bu idi ki, kampaniya dönəmində bir dəfə də bölgələrə getməmiş, seçicilərlə görüşməmiş bu şəxs bu səsləri hansı yolla alıb. Gürcü jurnalistlərin yazırlar ki, gürcü dilini yaxşı bilməyən ermənilər “Mixail Saluşvili” sözünü “Mixil Saakaşvili” kimi oxuyublar.
Beləliklə, səslərini seçkilərdə iştirak etməyən keçmiş prezident Mixail Saakaşviliyə veriblər”.