1972-ci ildə Filippində fövqəladə vəziyyət elan edərək diktatura rejimi quran Ferdinand Markosun xanımı, dövrünün birinci ledisi İmelda Markos korrupsiyada ittiham olunur.
Teleqraf.com xəbər verir ki, korrupsiyaya qarşı mübarizə üzrə xüsusi məhkəmə 89 yaşlı Markosun 1970-ci illərdə Manila valisi olarkən İsveçrə banklarına qanunsuz yollarla 200 milyon dollar köçürdüyü və bununla yerli qanunları pozduğu haqda qərar çıxarıb.
Məhkəmə İmelda Markosu yeddi ittiham üzrə təqsirli bilib.
İmelda Markos 1991-ci ildən bu yana ona qarşı qaldırılan iddialarından 3-ü üzrə bəraət alıb. Məhkəmə proseslərinə sabiq birinci xanımın nümayəndəsi qatılıb.
İmelda Markosun özü məhkəmə qərarı ilə bağlı açıqlama verməyib.
Qərar insan haqları təşkilatları tərəfindən məmnuniyyətlə qarşılanıb.
İqtidarda olarkən Markos ailəsinin sərvəti 5-10 milyard dollara çıxıb.