Qazaxıstanda "Qazsink" şirkətinin (Ridder dağ-mədən kompleksi) "Tişin" kömür mədənində qəza baş verib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Departamentindən məlumat verilir.
Məlumata görə, qəza yerli vaxtla saat 00:41-də baş verib. Qəzaya betonun çökməsi səbəb olub. Beton parçalarının mədənin içərisinə düşməsi nəticəsində üç fəhlə xəsarət alıb.
Departamentin məlumatına görə, fəhlələrdən biri - 25 yaşlı qazmaçı aldığı xəsarətlərdən yerindəcə həlak olub, onun iki yoldaşı - 26 yaşlı qazmaçı və 25 yaşlı elektrik mühəndisi müxtəlif dərəcəli xəsarətlərlə Ridder şəhər xəstəxanasına çatdırılıblar.
Hadisə mədəndə işin dayanmasına səbəb olmayıb. Növbənin dəyişməsi ehtiyat çıxışdan həyata keçirilir. Hazırda hadisənin səbəbləri aydınlaşdırılır.
/trend/