Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsində əsas məqsəd Türkiyə və Rusiya arasında qarşıdurma yaratmaqdan ibarət olub.
Teleqraf.com “Haberler.com”a istinadla xəbər verir ki, bu barədə sui-qəsd nəticəsində öldürülən diplomatla bağlı ittiham aktında qeyd edilib. Məlumata görə, artıq istintaq tamamlanaraq hazırlanmış ittiham aktı məhkəməyə göndərilib. Prokuror Adəm Akıncı tərəfindən hazırlanan 609 səhifəlik ittiham aktında FETÖ lideri Fətullah Gülən başda olmaqla 28 şübhəlinin adı var.
“FETÖ / PDY terror təşkilatı və arxasındakı xarici güclər 2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhddən öncə Rusiyanın Ankaradakı səfiri Andrey Krılova yönəlik sui-qəsd törətməklə iki ölkə arasında əlaqələri pozmaq, qarşıdurma və xaos planlaşdırıblar”, - deyə ittiham aktında qeyd olunub.
Andrey Karlov cinayətinin Rusiya və Türkiyəni qarşı-qarşı qoymaq üçün FETÖ tərəfindən işləndiyi vurğulanıb və 6 ay əvvəl planlaşdırıldığı bildirilib.
Cinayət işinin materiallarında qeyd edilib ki, FETÖ-dən sui-qəsd təlimatı alan snayper Mövlud Mərd Altınbaş 2016-cı ilin iyunun 27-də hakim Ədalət və İnkişaf Partiyasının qərargahında diplomatlar üçün təşkil olunan ənənəvi iftarda dəvətlilər arasında olan rus səfiri öldürməli imiş. Karlova atəş açaraq öldürən Altınbaşın həmin tədbirə mühafizə polisi kimi qatılması nəzərdə tutulub. Həmin gün Andrey Karlov xaricdə olduğuna görə sui-qəsd baş tutmayıb.