3 Dekabr 2018 13:15
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərənd və Culfanın İslami Şura Məclisində (İran parlamenti) millət vəkili Məhəmməd Həsənnəjad Azərbaycana münasibətdə yol verilən ayrı-seçkilik siyasətini tənqid edib.

Teleqraf.com-un xəbərinə görə, dekabrın 2-də parlamentdə çıxışı zamanı Şərqi Azərbaycana yeni təyin olunmuş valini təbrik edən Məhəmməd Həsənnəjad bildirib ki, prezident yeni valinin təqdimat mərasiminə birinci müavinini göndərməli idi, lakin nazir müavini göndərildi:

“Bu, Azərbaycana lazımi qədər diqqət yetirilmədiyini göstərir. Azərbaycanlılar arasında ayrı-seçkiliyə məruz qaldıqları ilə bağlı fikir formalaşıb. Onlar soruşur ki, nə üçün körfəzdən və Karun çayının su ayrıclarından lazımi yerlərə su xətti çəkilə bilir, lakin Urmiya gölünə su kanalı çəkməyə vəsait tapılmır? Nə üçün İsfahanın sürətli qatar layihəsi istifadəyə verilir, lakin Təbriz-Miyana qatarı 17 ildir ki, işə düşmür?!

Eləcə də Araz çayının suyu Mərənd, Hərzəndat və Yekanat düzünə axıdılmır. Şimal avtobanı tikilir, amma Təbriz-Mərənd-Bazirqan avtobanı tikilmir”.

Ayrı-seçkilik hissinin Azərbaycan əhalisini narahat etdiyini vurğulayan millət vəkili ölkə prezidenti və parlament rəhbərliyini bu məsələni ciddiyə almağa çağırıb.


Müəllif: Səxavət