21 Dekabr 2018 22:18
2 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir:

- Elçin bəy, ABŞ Prezidenti Donald Trampın bu ölkənin ordusunun Suriyadan çıxarılması haqda qərarını necə qiymətləndirirsiniz?
- Prezident Tramp elan edir ki, İŞİD üzərində tam qələbə qazanmışıq, bu səbəbdən Suriyada ABŞ əsgəri məqsədinə çatıb, bundan sonra Suriyadakı problemlərlə İran, Rusiya və Suriyanın özü məşğul olmalıdır. Qısaca bəyan edir ki, ABŞ ordusunu Suriyadan çıxarır. Əslində mən belə bir münasibəti ciddiyə ala bilmirəm. Çünki İŞİD üzərində tam qələbə əldə edilməyib. Təbii ki, əksər məntəqələrdən İŞİD-i vurub çıxarıblar, amma əslində İŞİD geri çəkilib və münbit məqam gözləyir.

İkincisi, ABŞ Suriyadan ordusunu çıxaracaqdısa, niyə Suriya sərhədlərində müşahidə məntəqələri qururdu? Unutmayaq ki, Suriya ərazisində ABŞ-ın 12-13 hərbi bazası mövcuddur. ABŞ bazası olduğu ərazilərdə neft və qaz kəmərləri keçir. ABŞ-ın bu əraziləri əlindən verəcəyi heç cür inandırıcı deyil.

Ola bilsin ki, bu qərarı verirlər, əslində isə Türkiyəyə işarə olunur ki, sənin kürdlərlə olan məsələlərini həll etməyinə müdaxilə etmirik. Artıq kürd qüvvələri də ABŞ-ı satqınlıqda günahlandırmağa başlayıb. ABŞ mediası Trampın bu qərarını ciddi tənqid atəşinə tutub. Hesab edirəm ki, belə bir qərarı vermək asandır, amma onun icrası uzun zaman alacaq, beləcə proses uzanacaq. Mümkündür ki, zamanla siyasi vəziyyət dəyişsin və ordunun Suriyadan çıxarılması fikrindən vaz keçilsin. Mümkündür ki, qoşunların bir hissəsi Suriyadan çıxarılacaq, amma Amerika oradakı hərbi mövcudluğundan heç bir halda imtina etməyəcək. Buna şübhə olmamalıdır.

- Artıq aydın olur ki, ABŞ müdafiə naziri Mettis etiraz olaraq, istefaya gedir. Sizcə, Suriya mövzusu Tramp hökumətini bölürmü?
- Əslində Donald Trampla Pentaqon arasında mövqe fərqliliyi çoxdan mövcuddur. Müdafiə nazirinin istefaya getməsi də bunun nəticəsidir. Bilirsinizmi, Amerika kimi dövləti Tvitter vasitəsilə idarə etməzlər. Trampa kimin məsləhət verdiyini bilmirəm, ancaq aparıcı ölkələrdə hərbi-sənaye kompleksi hökumət içində nüfuzlu strukturdur. Tramp hərbçi deyil və bu işlərdən başı çıxmır. Hərbçilər də ondan razı deyil. Pentaqon rəhbərinin istefasına da bu prizmadan baxılmalıdır.

- ABŞ Konqresində Trampın Suriya qərarına qarşı ciddi müqavimət hiss olunur. Bu hansı xəttə qədər davam edə bilər?
- Tramp üçün ən pis variant impiçmentdir. Ancaq nəzərə almaq lazımdır ki, impiçment prosesinin özü aylarla çəkə bilir. Yəni impiçment etmək üçün zaman çatmaya bilər. Növbəti seçkilərə isə uzun müddət qalmayıb. ABŞ-ın böyüklüyü elə ondadır ki, burada heç kim ağlı kəsəni edə bilmir. Müxtəlif strukturlar, dövlət qurumları bir-birinə nəzarət funksiyasını həyata keçirir. Təsəvvür edin ki, kimliyindən asılı olmayaraq, ABŞ prezidenti Azərbaycana səfir yollayanda Konqresin razılığı olmalıdır. Əgər Konqres buna razı olmasa, həmin diplomat fəaliyyət göstərə bilmir. ABŞ-da tam fərqli sistemdir. Tramp sözsüz ki, sistemi çalxalayır, amma bir şeyə nail ola bilmir. Sözsüz ki, ABŞ hökuməti daxilində narazılıq, fikir fərqliliyi mövcuddur. Üstəlik ölkə daxilində də Respublikaçı və Demokratlar arasında ciddi mübarizə gedir. İndilikdə baş verən çəkişmələrdən Amerika qalib çıxacaq. Həm də Amerika prezidenti Amerika demək deyil. Bunu indi ABŞ-da gedən proseslər də sübut edir.

- ABŞ ordusu çıxdıqdan sonra Suriyada vəziyyət necə olacaq?
- Hazırda Rusiya və İran Suriyadadır. Türkiyə Fəratın şərq sahillərinə hərəkət etməyə hazırlaşır. Üstəlik yerli kürd qüvvələri var. Amerika Suriyanı tam olaraq bu qüvvələrin öhdəsinə buraxıb gedən deyil. Məncə, bu məsələni müzakirəyə etməyə belə dəyməz.

- ABŞ prezidentinin bu qərarı Türkiyənin hazırladığı əməliyyatın qarşısını ala bilərmi?
-Yox. Əksinə, bu mesajla Ankaraya deyilir ki, nə istəyirsənsə elə, sənə mane olmayacağıq.

- ABŞ-ın bu cür mövqeyindən sonra Suriya probleminin həllinə yaxınlaşmaq mümkün olacaqmı?
- Suriya probleminin həlli nöqtəsinə hələlik yaxınlaşmaq mümkün deyil, yaxın gələcəkdə də mümkün olmayacaq. Nə qədər ki, Bəşər Əsəd oradadır, nə qədər ki, Rusiyanın orada iştirakı var, Suriya problemi həll edilməyəcək. Bu, açıq-aydın belədir.

- Siz, türk ordusunun Fəratın şərqinə doğru irəliləyəcəyini düşünürsünüz?
- Əməliyyat ehtimalı çox yüksəkdir. Unutmayaq ki, martın sonunda Türkiyədə bələdiyyə seçkiləri olacaq. Açığı, bu seçkiləri Ədalət və İnkişaf Partiyası udmaq niyyətindədir, amma onun daxildə müəyyən problemləri var. Bələdiyyə seçkilərində qələbəni əldə etmək üçün zəfər lazımdır. Bu zəfər Fəratın şərq sahillərindən terrorçuları təmizlənməsi ola bilər.

Həm də Amerika neçə illərdir ki, “Patriot” hava hücumundan müdafiə sistemlərini Ərdoğan Türkiyəsinə vermək istəmirdi. Türkiyə isə burada poker oynadı, blef elədi. Bildirdi ki, “Patriot” sistemi satmırsınızsa, Rusiyadan S-400 sistemləri alacağam. Sonra ABŞ F-35 qırıcılarını Türkiyəyə verməyə başladı və əlavə etdi ki, “Patriot” sistemlərini də sata bilər. Təki S-400 sistemini Rusiyadan almayın. Belə ciddi oyunlar gedir və Türkiyə hələ ki, geosiyasi oyunda uduzan tərəf deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər