İranın Cənubi Xorasan vilayətinin Mahirud sərhədindən sement, kaşı və keramika, dəmir materiallar və yanacağın Əfqanıstanın Fərah vilayətinə ixracı dayandırılıb.
Teleqraf.com xəbər verir ki, d-bu sözləri İranın Cənubi Xorasan vilayəti Mahirud Gömrük İdarəsinin rəisi Əli Əkbər Kiyani deyib.
Onun sözlərinə görə, Əfqanıstanda maliyyə ilinin sonudur. Qeyd olunan dörd məhsulun ilin sonuna qədər lisenziyası vardır. Buna görə də, məlumat verilənədək Əfqanıstana bu məhsulların ixracı qadağan edilib.
Kiyani əlavə edib: Əfqanıstan Fərah Gömrükləri İdarəsinin rəisi vəd edib ki, bir həftə ərzində problem aradan qaldırılacaq və ixrac yenidən həyata keçiriləcək.
“Hal-hazırda Mahirud sərhədində 30 ədəd yanacaq tankeri saxlanılıb” – deyə o bildirib.
Qeyd edək ki, İran və Əfqanıstan sərhədinin uzunluğu 945 kilometrdir. Onun 465 kilometri Cənubi Xorasan vilayətinin ərazisindədir. Vilayətdə 4 sərhəd bazarı fəaliyyət göstərir.