Moskva metrosunda bu gün 55 yaşlı qadın başgicəllənmə səbəbindən müvazinətini saxlaya bilməyərək, platformadan relslərin üstünə yıxılıb. Bu an Qatar sürətlə platformaya daxil olsa da, sürücü yıxılmış qadının yarımmetrliyində qatarı saxlaya bilib.
Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aleksey Mişlyayev məlumat verib.
Hadisə təxminən səhər saat 8 radələrində “Teplystan” stansiyasında baş verib. Sürücünün təcrübəsi sayəsində qatarı saxlamaq mümkün olub. Əyləc qəfildən basılsa da, qatarda olan sərnişinlərdən xəsarət alan olmayıb.
Xəbərə görə, yıxılan qadın da xəsarət almayıb. Dərhal həkim çağırılıb və o, ətrafdakı insanlar tərəfindən platformaya qaldırılıb. Həkimlər qadının xəstəxanaya getməsini təklif etsələr də, o, bundan imtina edib.