“Rusiyanın Ermənistandakı (Gümrü) hərbi bazası ətrafında yaranmış etirazlarla cəmiyyəti təxribata sürükləyirlər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Qukasyan deyib.
Ekspertin sözlərinə görə, 102-ci hərbi bazanın çıxarılması ilə bağlı davam edən etirazlar, ölkə daxilində qarşıdurmaya gətirib çıxara bilər:
“Bu problem uzun illərdir var. Amma indiki həssas məqamda bəzi siyasi qüvvələr bu etirazları siyasi müstəviyə çıxarmağa cəhd etməklə, təxribata əl atırlar.
Buna görə də bu məsələ çərçivəsində ortaya çıxan problemlər siyasiləşdirildi. Gümrüdə bir qadın öldürüldü. Sonra isə əllərində Avropa İttifaqının bayraqlarını tutan bir qrup şəxs Rusiya səfirliyinin qarşısında etiraza başladı”.
Armen Qukasyan etirazların kənar müdaxilə ilə başladığını istisna etmir:
“Bu insanların hansı ölkənin dəyirmanına su tökməsi məlum deyil. Çox güman ki, etirazlar kənardan qızışdırılır”.
Qeyd edək ki, dekabrın 2-də Gümrüdə 1961-ci il təvəllüdlü Ermənistan vətəndaşı olan bir qadın rus bazasının hərbi xidmətçisi tərəfindən qətlə yetirilib. Rəsmi İrəvanın etirazına baxmayaraq, Rusiya hərbçinin Moskvada mühakimə ediləcəyini açıqlayıb.
Bundan sonra bölgədə hərbi bazanın Ermənistandan çıxarılması tələbi ilə etirazlar başlayıb. Rəsmi Moskva isə bəyanat yayaraq, Ermənistan rəhbərliyini məsələni siyasiləşdirməməyə çağırıb.