ABŞ mətbuatında Prezident Donald Trampın İraqa səfəri zamanı hərbi düşərgədə çəkdirdiyi fotoşəkillər, eləcə də videogörüntülər sərt tənqid olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu görüntüləri ABŞ prezidenti öz Tvitter səhifəsində paylaşıb.
Görüntülərdən Donald Tramp və həyat yoldaşı Melanyanın hərbi bazanın şəxsi heyətilə söhbət etdiyi, fotoşəkillər çəkdirdikləri bəlli olur.
Trampın hərbi bazanın xüsusiyyətini nəzərə almaması – hərbi qulluqçuların üzlərinin maskalanmamış görüntüsü, bazanın ərazisinin görüntülərdə əks olunması hərbi mütəxəssislər tərəfindən gizli məlumatların açıqlanması kimi qiymətləndirilib.
ABŞ-da böyük nüfuza malik sabiq kəşfiyyatçı Malkolm Nance məsələyə münasibət bildirərkən qeyd edib ki, burada çox mühüm prosedurlar pozulub:
"Xaricdə yerləşdirilmiş hərbi kontingentin təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Xüsusi əməliyyatlarda iştirak edən əsgərlərin əsl adları və üzləri adətən, gizli saxlanılır. Bu fotolar ali baş komandanın istəyilə çəkilsə də, onun mətbuatda, sosial şəbəkələrdə yayılması qətiyyən yolverilməzdir.
Belə təsadüflər sifəti açıq görünən əsgərlərin terrorçular və ya düşmənləri tərəfindən tanınmasına kömək edə bilər. Bu əsgərlərdən biri əsir alınsa, o, kim olduğunu və hansı fəaliyyətlə məşğul olduğunu inkar edə bilməyəcək".
Xatırladaq ki, ABŞ prezidentinin həyat yoldaşı Melanya ilə İraqa gözlənilməz səfəri dekabrın 27-də baş tutub. Sözügedən görüntülər də məhz həmin səfər çərçivəsində ABŞ-ın İraqda yerləşən hərbi bazasında çəkilib.