21 Yanvar 2019 14:11
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya-Türkiyə sərhədlərində qurulacaq təhlükəsizlik zolağı ilə bağlı ABŞ-ın 3 ssenarisi var.

Teleqraf.com xəbər verir ki, bu fikir türk köşə yazarı Taha Dağlının məqaləsində yer alıb.

O bildirib ki, həmin ssenarilərin heç birində PKK terror təşkilatına yer verilməyib:

“Əlbəttə, ABŞ-ı PKK-sız təhlükəsizlik zolağı yaratmağa məcbur edən əsas faktor Türkiyənin sonadək göstərdiyi müqavimətdir. Bu saatdan sonra Amerika PKK-nı daha çox sərhəd xəttində saxlayaraq, riskə getmək istəmir. Buna görə də, Vaşinqton anlaşmaq üçün prezidentin müşaviri Con Boltonu Ankaraya göndərmişdi.

Lakin Ankarada PKK üçün təhlükəsizlik anlaşması əldə etmək istəyən Bolton “siyasi təpik”lə Vaşinqtona geri göndərildi.

Sonra isə Respublikaçıların senator Lindsey Qraham gəldi. Qraham təhlükəsizlik zolağı məsələsi üçün Ankarada idi.

Onun burada verdiyi açıqlamalar göstərir ki, ABŞ PKK terrorçularını Türkiyə sərhədlərindən mümkün qədər uzaqlaşdıracaq. Yəni, PKK gedəcək, amerikalılar bunu qəbul etməyə məcbur oldular”.

Taha Dağlı iddia edib ki, Qrahamla yanaşı, ABŞ-ın əsas siyasi dairələri də PKK və PYD-nin Türkiyə sərhədlərindən geri çəkilməsinə razılaşıblar:

“Vaşinqtonun bu məsələdə 3 ssenarisindən birincisi budur ki, Suriyanın içinə doğru 32, uzunluğu isə 460 km olan təhlükəsizlik zolağına türk, ingilis və fransız hərbi qüvvələr tərəfindən nəzarət olunsun. İkinci ssenariyə görə, Məsud Bərzaniyə yaxınlığı ilə seçilən “Rojava peşmərgələri” adlandırılan kürd qruplar PKK terrorçularının yerinə təhlükəsizlik zolağında yerləşdirilsin.

Üçüncü ssenariyə görə isə, bu zolağın nəzarəti Suriya Azadlıq Ordusuna oxşayan, amma birbaşa Türkiyənin yox, ABŞ-ın nəzarətində olan suriyalı müxalif ərəb döyüşçülərinə verilsin.

Əlbəttə, əsas məsələ Türkiyənin bu təkliflərə hansı cavabı verəcəyi ilə bağlıdır. Türkiyə “hə” demədən bu proyektin həyata keçirilməsi mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu