Elşad İsgəndərovun Türkiyəyə girişi dayandırılıb.
Bu məlumatı “Yeni Akit” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Türkiyə tərəfi onu Azərbaycanla Türkiyə münasibətlərinə kölgə salmaqda şübhəli bilib.
Qəzetin yazdığına görə, buna səbəb İslam Əməkdaşlıq Təşkilatının 15 yanvarda təşkil edilən iclasında yaşanan insident olub. Belə ki, iclas zamanı Fars körfəzi ölkələrindən birinin səfiri çıxış edərək deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən bir rəsmi şəxs Bakıdakı səfirliklərinə gəlib və Türkiyənin ona sui-qəsd hazırladığını deyib, ona görə də bununla bağlı Ankaranın izahat verməsini tələb edib. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı Daimi Nümayəndəliyinin rəhbəri Şahin Abdullayevin məsələ ilə bağlı izahat verməsindən sonra insidentin qarşısı alınıb.
İnsidentdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin araşdırma apardığını və Azərbaycan adına səfirliyə yanlış məlumatı Elşad İsgəndərovun verdiyi ortaya çıxardığı bildirilib. Məhz bundan sonra İsgəndərovun Türkiyəyə girişi dayandırılıb.
Qeyd edək ki, Elşad İsgəndərov Dini Təşkilatlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədridir. 2014-cü ildə o, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri olub və 2018-ci ilə qədər bu vəzifəni icra edib. Keçən il isə Elşad İsgəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda, E.İsgəndərov İƏT Baş Assambleyasının qərarına əsasən, qurumun İƏT üzv ölkələri hökumətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilib.