Amerika Ankaraya ABŞ və ya Avropa Birliyi ölkələrinin vətəndaşları olan İŞİD-çilərin uşaqlarını qorumaq təklifini irəli sürüb, Türkiyə isə bunun ortaq problem olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Suriyada İŞİD-ə qatılan və hazırda YPG/SDG terror təşkilatının nəzarətində olan ABŞ və Avropa Birliyi vətəndaşlarının körpələri üçün çıxış yolu axtaran ABŞ hökuməti Türkiyəyə nümayəndə heyəti göndərib.
Türkiyə XİN-də və digər qurumlarda görüşlər keçirən ABŞ heyəti ilə əsasən İŞİD-ə qoşulan və sonradan övlad dünyaya gətirən, habelə İŞİD-ə qoşulmaq məqsədilə ailəvi Suriyaya gedib ağır duruma düşən ailələrin və uşaqların taleyi müzakirə olunub.
ABŞ tərəfi görüşlər zamanı Türkiyəyə “Bu uşaqların qorunması və məsuliyyətini siz üzərinizə götürün” təklifini irəli sürüb.
Türkiyənin cavabı belə olub: “Biz bu istiqamətdə onsuz da bölgədə yetərli işlər görürük. Uşaqlar mümkün qədər xilas olunur. Lakin İŞİD döyüşçülərinin bir çoxu ABŞ, İngiltərə və Avropa ölkələri vətəndaşlarıdır. Hər ölkənin öz vətəndaşını qorumaq məsuliyyəti var. Bu məsələdə ortaq cavabdehlik olmalıdır”.
Suriyada 3 minə yaxın belə ailənin olduğu deyilir.
İngiltərə və ABŞ öz vətəndaşı olub, İŞİD-ə qatılmaq üçün Suriyaya gedənlər sonradan ölkəyə qəbul olunmur, onların vətəndaşlıq hüququ qüvvədən düşmüş hesab edilir.