Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Venesiyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüş keçirən Venesyan jurnalistlərin suallarını cavablandırıb.
O, Dağlıq Qarabağın təhlükəsizliyinin Ermənistan tərəfindən təmin edildiyini bildirərək, bununla bağlı əlavə tədbirlərin görüləcəyini bildirib: “Ermənistanın əsas vəzifəsi də budur: Qarabağın təhlükəsizliyini təmin etmək”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlarda rəsmi İrəvanın tərəf olmadığını açıqlamışdı.
Qarabağın Ermənistan tərəfindən işğal edildiyini və bu ölkənin nəzarətində olduğunu da təkzib edən Paşinyandan fərqli olaraq, Artur Venesyan Dağlıq Qarabağın Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olduğunu və dolayı yolla bu ordu tərəfindən işğal edildiyini dilə gətirir.