Astana prosesi çərçivəsində təhlükəsizlik zonası elan edilməsinə baxmayaraq Bəşər Əsəd rejimi son bir həftə ərzində İdlibin cənub hissəsindəki yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, yanvar ayından bu yana hücumlar nəticəsində 200 nəfər öldürülüb. Həmçinin Əsəd qüvvələri türk ordusunun Morekdəki gözətçi məntəqəsinə bir kilometr məsafədə dayanıb.
Türk kəşfiyyatı Suriya rejimin əsasən Latamina, Lahaya və Morek istiqamətlərində sistemli artilleriya hücumları həyata keçirdiyini ifadə edir.
Yerli qaynaqlar isə Əsədə bağlı qüvvələrin Morekdəki türk ordusunun gözətçi məntəqəsinə 1 kilometr məsafədə olduğunu bildirir.
Bəşər Əsəd rejiminin qüvvələri İdlibin cənubunda, əsasən Azad Suriya Ordusunun ən güclü qüvvələri Ceyşə-əl-İzzə ilə vuruşur. Yerli mənbələr Hamanın şimalında Əsəd qüvvələrinin ciddi itkilər verdiyini, ancaq İran tərəfindən dəstəklənən milis gücləri və Rusiyanın havadan dəstəyin sonra əraziləri ələ keçirdiyini qeyd edir.
Qeyri-rəsmi məlumatlara görə, son bir ay içərisində Bəşər Əsəd qüvvələri İdlibə doğru 15 kilometr irəliləyib.