ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri aldığını əsas gətirərək, Türkiyənin satın aldığı “F-35” qırıcılarına texniki avadanlıqların təchizatını dayandırıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın bu həmləsinə qarşı Türkiyənin hansı addım atacağı isə hələlik məlum deyil.
Keçmiş türk generalları isə ABŞ-a tutarlı cavab vermək üçün ölkənin geniş imkanlarının olduğunu bildirirlər.
Türkiyə kəşfiyyatının keçmiş başçısı, general İsmayıl Hakkı Pekin Türkiyənin ata biləcəyi addımlardan danışıb:
“Hər şeydən əvvəl Türkiyə İncirlik bazasından ABŞ-a verdiyi dəstəyi dayandıra, üstəgəl, ABŞ-ın iştirak etdiyi əməliyyatlardan geri çəkilə bilər. Türkiyənin bölgədə ABŞ-a verdiyi dəstək NATO-nun ABŞ-a verdiyi dəstəkdən daha böyükdür.
Məsələn, Aralıq və Qara dənizlərində ABŞ-ın həyata keçirdiyi fəaliyyətlər bunun bir hissəsidir. Yəni, ABŞ “F-35”ləri vermirsə, Türkiyənin əlində istifadə edə biləcəyi kifayət qədər imkanları var”.
Pekin Türkiyə-Rusiya yaxınkaşmasının da ABŞ-ı narahat etdiyinə diqqət çəkib:
“Buna görə də düşünürəm ki, ABŞ qəti şəkildə “F-35”lərin Türkiyəyə satışını dayandıra bilməyəcək. Verməsə, Türkiyə Rusiyaya yaxınlaşacaq. Türkiyə ilə iplər qopsa, ABŞ sadəcə Türkiyəni yox, bütün bölgəni itirəcək. Bizə silahları da, istədiklərini həyata keçirmək üçün verirlər”.
Başqa sözlə, “F-35” prosesi dayandırılsa, Türkiyə yeni axtarışlara çıxacaq. Bu axtarışların da məntiqli bir nəticəsi olacaq. Onsuz da, Türkiyənin öz planları var. “F-35”ləri verməsələr, Türkiyə 4-5 il ərzində öz təyyarələrini istehsal edəcək”.
General qeyd edib ki, ABŞ qərar verməmişdən əvvəl bunları göz önündə saxlamalıdır:
“İncirlik bazası bağlanıla bilər. NATO-ya verilən dəstək dayandırıla bilər. Şərqi Aralıq və Qara dənizlərdə həyata keçirilən fəaliyyətlərdən geri çəkilə bilər. ABŞ-ın Türkiyədəki radar sistemləri ləğv edilə bilər. Cənubi Qafqaz, Xəzər hövzəsi və Orta Asiya bölgələrindən geri çəkilə bilər.
ABŞ-ın Əfqanıstandakı qüvvələrinə verilən dəstək dayandırıla bilər. sülhyaratma prosesindən geri çəkilə bilərik. Hind okeanına gəmi göndərmək planı ləğv edilə bilər”.
General Bəyazid Karataş da Türkiyənin ata biləcəyi mümkün addımlara diqqət çəkib.
O hesab edir ki, Türkiyə ilk növbədə ABŞ-ın İncirlik bazasından istifadəsinə icazə verməyəcək.