22 Aprel 2019 10:32
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada seçkilər başa çatdı. Gözlənildiyi kimi, Vladimir Zelenski böyük üstünlüklə hazırkı Prezident Petro Poroşenkoya qalib gəldi. Nəticələr göstərdi ki, Ukrayna xalqı əslində Zeleskiyə “hə” deyil, Poroşenkoya “yox” dedi”.

Teleqraf.com xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, indiki prezidentin məğlubiyyətinin başlıca səbəbi Poroşenkonun siyasi və sistem korrupsiyaya qarşı mübarizədə, oliqarxların iqtisadiyyatda dominantlığının aşağı salınmasında verdiyi sözü tutub, ötən prezident seçkilərində götürdüyü öhdəliklərə əməl etməməsi oldu:

“Eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin qanunun aliliyinə deyil, hakimiyyət və oliqarx maraqlarına xidmət etməsi, ölkədə yaşam şərtlərinin yoxsul təbəqə, xüsusilə də pensiyaçılar üçün ildən-ilə pisləşməsi, Rusiyada ilə müharibədə itirilmiş ərazilərin bütövlüyünün təminatı sahəsində irəliləyişə nail olmamasıdır.

Vladimir Zelelenski birinci turda müxtəlif namizədlər arasında bölünən səsin demək olar ki, böyük əksəriyyətinə ikinci turda sahib çıxıb. Bu isə o deməkdir ki, Zelenski Yuliya Timoşenko və Yuriy Boyko ilə yanaşı digər namizədlərlə də danışıqlara gedib, onların səsini də ikinci turda qazanıb”.

Qubad İbadoğlu qeyd edib ki, ikinci turda seçkilərin fəallığı aşağı düşsə də bu Zelenskinin xeyrinə işlədi:

“Zelenski daha çox özünün və müttəfiqlərinin tərəfdarlarını seçkiyə gətirə bildi. Ukrayna xalqı daimi dəyişikliklər axtarışındadır. Odur ki, seçicilər adətən köhnə deyil, yeni namizədlərə üstünlük verir.

Onu da qeyd edim ki, seçkilərdən sonra komandası, partiyası və parlamentdə tərəfdarları olmayan Zelenskiyə xüsusilə də sosial-iqtisadi və təhlükəsizlik problemləri olan, son illər dövlət borcu artan ölkəni idarə etmək asan olmayacaq. Çox böyük ehtimalla Zelenski hakimiyyətinə güclü müxalifət formalaşacaq. Amma istənilən halda bu dəyişiklik Ukraynanı irəli aparacaq, ölkədə korrupsiyaya ilə mübarizəyə, Avroatlantika məkanına inteqrasiya, bölgədə demokratikləşmə proseslərinə yeni impulslar verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər