Yaponiya imperatoru Akihito xalqa vida nitqi ilə çıxış edir.
Teleqraf.com xəbər verir ki, o, Yaponiya xalqına minnətdarlığını çatdırıb.
İmperator Akihitonun taxt-tacdan imtina etməsi mərasimi Tokioda, imperator sarayının “Seyden Matsu-no-ma” zalında keçirilir. Mərasim ölkənin bütün telekanalları tərəfindən canlı yayımlanır.
“Bu gün mən imperator kimi xidmətimi başa çatdırıram. Baş nazir Sindzo Abenin xalqın adından mənim ünvanıma dediyi sözlərə görə minnnətdaram. Mən xoşbəxtəm ki, 30 il ərzində xalqın etibarını və hörmətini qazanmışam. Dua edirəm ki, sabahdan başlayacaq Reyva hakimiyyət epoxası sülhpərvər və məhsuldar olacaq. Mən ölkəmizin və bütün dünyadakı insanların xoşbəxtliyi üçün dua edirəm”, – deyə imperator bildirib.
Mərasim əsnasında salona imperator simvolları: ilk imperator Dzimmə məxsus qılınc, imperator möhürü və Yaponiyanın dövlət möhürü gətirilib. İmperator Akihito və onun həyat yoldaşı ilə yanaşı, zalda taxt-tacın varisi Naruhito və onun həyat yoldaşı, imperator ailəsinin üzvləri, həmçinin baş nazir və hakimiyyətin 3 qolunun nümayəndələri, ümumilikdə 300 nəfərə yaxın insan iştirak edib.
Baş nazir Sindzo Abe imperatorun taxt-tacdan imtina etməsi ilə bağlı xüsusi qanunun qəbul edilməsinə dair mətni oxuyub. Həmçinin yapon xalqı adından istefaya gedən monarxa minnətdarlığını çatdırıb.
İmperator ailəsi üçün fəaliyyət göstərən xüsusi komissiya 1 dekabr 2017-ci ildə son 25 ildə ilk dəfə keçiridiyi xüsusi iclasında imperator Akihitonun 30 aprel 2019-cu ildə taxt-tacdan əl çəkəcəyini və yeni imperator Naruhitonun mayın 1-də taxt-tacı qəbul edəcəyini açıqlamışdı. Aprelin 1-də hakimiyyətin yeni dövrünün Reyva dövrü olacağı elan edilib. Bu söz “gözəllik və harmoniya” kimi tərcümə oluna bilər.