ABŞ tarixində elektrikli stulla edam edilən ən azyaşlı insan 14 yaşlı Corc Stinney adlı afro-amerikalı idi. Stinney Cənubi Karolinada zəncilər və ağların dəmir yolu xətti ilə ayrıldığı Alkolu qəsəbəsində yaşayırdı.
Teleqraf.com xəbər verir ki, ailəsi Corc Stinneyə iki azyaşlı qızı dəyənəklə döyərək öldürdüyü ittihamı irəli sürüldükdən sonra yaşadığı şirkət anbarından qovulub.
1944-cü il 24 mart tarixli ittihamnaməyə görə, 11 yaşlı Betti Jun Binniker və 7 yaşlı Meri Emma Tames Alkolu qəsəbəsinin zəncilər yaşayan ərazisində velosipedlə çiçək axtarırdı: “Qızlar yaşadığı evin qarşısında dayanmış Corc Stinneydən haradan çiçək yığa biləcəklərini soruşdu. Bu kiçik qızların son anları idi”.
O gün Binniker və Tames evlərinə qayıtmadı…
Qızların yox olması qəsəbə sakinlərini ayağa qaldırdı, hamı itmiş uşaqları axtarmağa başladı. Ertəsi gün qızların cəsədləri suyla dolu çuxurda tapıldı. Həmin gün A. C. Bozard adlı həkim qızların küt alətlə başlarına vurularaq öldürüldüyünü açıqladı.
Klarendon polisi bir hal şahidinin Binniker və Tamesi son olaraq Corc Stinneylə danışarkən gördüyünü söyləməsindən sonra ailənin evinə gedir…
Corc əlləri qandallanaraq qəsəbə həbsxanasına aparıldı. Burada yanında heç bir hal şahidi və vəkili olmadan iki saat ərzində qapalı bir otaqda ifadəsi alındı. Polisin açıqlamasına görə, Corc Stinney cinayət törətdiyini etiraf edib, qızlardan birinə təcavüz etmək istəyib, amma baş tutmayandan sonra hər ikisini qətlə yetirib.
Cinayətdən bir ay sonra Klarendon məhkəməsində Stinneyin mühakiməsi başladı…
Corc Stinneyi məhkəmədə ağ irqə mənsub olan vəkil Çarlz Plovden müdafiə edirdi, lakin Plovdenin müdafiəsi zəif və qısa idi. İki saatlıq məhkəmə prosesində Plovden heç bir hal şahidini kürsüyə çağırmadı və prokurorun ittihamına qarşı heç bir dəlil ortaya qoymadı. Cinayətin “yeganə dəlil”i Corcun polisə verdiyi ifadə idi, lakin 14 yaşlı uşağın cinayətini etiraf etdiyinə dair yazılı bir sənəd də yox idi. 10 dəqiqəlik mühakimədən sonra hamısı ağ irqdən olan münsiflər heyəti Stinneyin cinayət törətdiyini təsdiq etdi. Həmin gün uşaq elektrikli stulla edam cəzasına məhkum olundu.
1944-cü ilin iyunun 16-da qolunun altında “İncil” tapılan Corc Stinney.Kolumbiyadakı Cənubi Karolina ştat həbsxanasının edam otağına daxil oldu…
O, böyük insanlar üçün hazırlanmış elektrikli stula oturdu. Üzünə taxılmış maska bu yaşda olan uşaq üçün çox böyük idi. Polis Stinneyin bədəninə 2.400 volt elektrik verəndə üzündəki maska sürüşüb düşdü. Edamı izləyənlər gördükləri mənzərə qarşısında dəhşətə gəldilər. İki dəfə elektrikin verilməsindən sonra edam başa çatdı. Saat 19:30-da Corc Stinneyin öldüyü elan edildi. Edamın başlamasından 4 dəqiqə, cinayətin üzərindən 83 gün keçdikdən sonra Corc Stinney gözlərini əbədi olaraq yumdu.
70 ildən sonra cinayətkar olmadığı sübut olundu…
Corc Stinneyin cinayət məhkumiyyəti barədə 2014-cü ildə apelyasiya şikayəti verildi. Corcun bacıları etirafın zor gücünə alındığını və cinayətin işləndiyi saatda onun bacısı Ayme ilə birlikdə olduğunu iddia etdilər. Habelə Corcun qəsəbə həbsxanasındakı kamera yoldaşı Uilford Hanterin Corc Stinneyin cinayəti qəbul etmədiyini dediyini irəli sürdülər.
1 illik müzakirədən sonra 2014-cü ilin dekabrın 17-də hakim Karmen T. Müllen Corc Stinneyin birinci dərəcə cinayət məhkumiyyətini ləğv etdi…
Hakim Müllen açıqladığı qərarda bu hökmün qəddar və qeyri-adi olduğunu bildirərək, müttəhimin haqlarının pozulduğunu və məhkəmə prosesinin qüsurlu olduğunu dedi. Məlum oldu ki, qızların öldürüldüyü çəkicin çəkisi 19 kq olub və 14 yaşlı uşağın bu alətlə iki qızı öldürəcək qədər gücü yox idi. Corc Stinney məsum idi, onu sadəcə olaraq zənci olduğuna görə edam etmişdilər. Nəticə olaraq, 2 məhkəmə prosesinin sonunda sürətlə edam edilən Corc Stinney məsum olduğunu görə biləcək qədər uzun yaşaya bilərdi.
Amerikalı yazıçı Stefan King 1996-cı ildə “Yaşıl Yol” adlı kitab yazarkən bu hadisədən ilham aldı…
Daha sonra filmi də çəkilən bu hekayə əslində 14 yaşında edam edilən Corc Stinneydən bəhs edir.