ABŞ Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərindən imtina etməklə bağlı Türkiyəyə rəsmi səviyyədə ultimatum təqdim etməyib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran bildirib.
“Rəsmi səviyyədə belə bir söhbət yoxdur”, – deyə Kıran Birləşmiş Ştatlara səfəri zamanı bildirib. Onun sözlərindən “Habertürk” telekanalı sitat gətirib.
Qeyd edək ki, CNBC televiziyası öz mənbələrinə istinadən Birləşmiş Ştatların S-400-lərlə bağlı Türkiyəyə son ultimatumunu təqdim etdiyinə dair məlumat yayıb. Ultimatumda iyun ayının ilk həftəsinin sonuna kimi Türkiyənin S-400-lərin alışından imtina etməsi tələb olunub. Əks təqdirdə Ankara F-35 proqramından çıxmalı, sifariş verilmiş 100 təyyarədən məhrum edilməli və Amerikanın sanksiyalarına məruz qalmağa hazır olmalıdır.
Türkiyə isə S-400 alınmasından imtina etməyəcəyini və iyul ayında havadan müdafiə sistemlərinin ilk partiyasının ölkəyə daxil ediləcəyini bildirib.