Türk yazar Abdullah Şevkinin “Zümrüd otaq” adlı kitabından sonra Əlif Şəfəqin “Məhrəm” romanında da pedofil fikirlərin yer aldığı iddiası ölkədə narazılıq yaradıb.
Teleqraf.com-un məlumatına görə, Əlif Şəfəq özünə qarşı irəli sürülmüş ittihamlara cavab verib.
O, oxucuları fərqli fikirlərə dözümsüzlükdə ittiham edib:
“Böyük bir anti-demokratik və haqların pozulduğu tuneldən keçirik, sözlə məşğul olanlar üçün çətin bir mühitdir. Musa Kart kimi bir sənətkar həbs edilirsə, demək, bütün sənətkarlar üçün çətindir”.
Əlif Şəfəq ölkədəki anti-demokratik mühitə görə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) günahlandırıb: “Bu partiya iqtidara gələndə demokratik islahatlar vəd etdi, bu vədlərin hər biri önəmli idi. İndi baxanda görürsən ki, o dönəmdəki mühitlə indiki arasında kəskin fərqlər var”.
Əlif Şəfəq “Məhrəm” romanında uşaq təcavüzü və pedofilliyə haqq qazandırması iddiasına belə cavab verib:
“Oxumadan ağızlarına gələni danışırlar, mən ədəbiyyat adamı olaraq qurbanın yanında yer alıram, hekayəni onun gözlərindən danışıram. Pedofilliyi müdafiə etmək müzakirə mövzusu deyil”.
Yazıçı bu kimi kampaniyaların sonda senzuranın tətbiq edilməsinə yol açacağını deyib.