9 Sentyabr 2014 19:08
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva hələ də ittihamları rədd edir

Hollandiya ekspertləri “MH17″ təyyarəsinin yüksək sürətlə hərəkət edən çoxsaylı obyektlərlə vurulandan sonra havada parçalandığını bildirirlər.

İnfrastruktur və nəqliyyatın təhlükəsizliyi üzrə Hollandiya komissiyası hadisədə “insani və texniki səhvi” təsdiqləyən dəlillərin olmadığını deyib.

Rusiyapərəst üsyançılar tərəfindən vurulduğu xəbər verilən Malayziya Hava Yollarının “Boeing-777″ təyyarəsi iyulun 17-də Rusiya sərhədinin yaxınlığındakı münaqişəli ərazidə yerə düşüb. Amsterdamdan Kuala-Lumpura uçan təyyarənin göyərtəsində olan 298 sərnişinin hamısı ölüb.

İlkin hesabatı hazırlayan Hollandiya müstəntiqləri “qara qutu”ların məlumatına, kosmik peyklərdən və hadisə yerində çəkilən şəkillərə əsaslanırlar.

“Bu, təyyarənin qəzaya uğramasının səbəbləri haqqında yekun hesabat deyil, lakin açıqlanacaq məlumatın əhəmiyyəti böyükdür, çünki hadisəyə dair ilkin nəticələri açıqlayır” – BBC-nin Haaqadakı müxbiri qeyd edir.

Sənədin hazırlanmasına Böyük Britaniya, Almaniya, Avstraliya, Malayziya, ABŞ, Ukrayna və Rusiya ekspertləri cəlb olunub.

Hesabatın yekun variantının cari il ərzində açıqlanacağı güman edilir. Hələlik 193 sərnişinin şəxsiyyəti müəyyənləşdirilib.

Ukrayna hökuməti və bir sıra Qərb ölkələri təyyarənin rusiyapərəst separatçılar tərəfindən “Buk” raketi ilə vurulduğunu sübut edən ciddi dəlillərin olduğunu bildirirlər.

Moskva isə separatçıları silahla, o cümlədən raket silahı ilə təchiz etmək barədəki ittihamları rədd edir.


Müəllif: