Türkiyənin sabiq xarici işlər naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.
Teleqraf.com xəbər verir ki, sabiq nazir istefası ilə bağlı yazılı açıqlama ilə çıxış edib.
AKP-nin qurucu üzvlərindən olduğunu xatırladan Babacan qeyd edib ki, partiya hakimiyytə gəldikdən sonra 13 il hökumətdə təmsil olunub və ölkənin uğur əldə etməsi üçün çalışıb.
Babacan daha sonra qeyd edib ki, son illər onunla partiyanın siyasəti arasında dərin fikir fərqliliyi ortaya çıxıb.
Artıq AKP-nin qurucu üzvü kimi davam etməyin mümkün görünmədiyini qeyd edən Əli Babacan əlavə edib ki, istefa ərizəsini AKP-yə təqdim edib.
Qeyd edək ki, Babacan açıqlamasında insan haqları, demokratiya, iqtisadi tərəqqi, hüquq bərabərliyi haqqında müəyyən fikirlər işlədib və bundan sonra da fəaliyyətini davam etdirəcəyini qeyd etsə də, yeni yaradacağı partiya haqqında hər hansı bir mesaj verməyib.
Xatırladaq ki, Əli Babacan və Abdulla Gülün sentyabrda yeni partiya elan edəcəyi gözlənilir. Babacanın AKP-dən istefası da bu məqsədlə həyata keçirilir.