20 İyul 2019 15:34
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türk Silahlı Qüvvələrinin (TSK) Kiprdə türk qətliamının qarşısını almasının 45 ili tamam olur.

Teleqraf.com 45 il bundan əvvəl Kipr adasında baş verən türk qətliamı, adaya daxil olaraq vəziyyəti dəyişən türk ordusu və o dövrün mürəkkəb vəziyyəti ilə əlaqədar məqaləni təqdim edir:

TSK-nın Kipr adasında türkləri yunan qətliamından xilas etmək üçün başlatdığı “Aişə tətilə çıxdı” adlı əməliyyat zamanı 57 əsgər şəhid olub, 200-ə qədər əsgər yaralanıb.

Kıprıs Barış Hərəkatı kimi tarixə keçən hadisəyə zəmin 1959-cu ildə yaranıb. Həmin il Türkiyə, İngiltərə və Yunanıstan Surix və Londonda razılaşma əldə edib, bu ölkələrin zəmanəti, türk və yunan xalqlarının müştərək iştirakı ilə Kipr Respublikası qurulub.

Amma 1963-cü ildən yunan silahlı qruplarının başlatdığı silahlı hücumlarla Kipr türklərinin ağır günləri başlayıb. Adanı Yunanıstana birləşdirmək istəyən yunan qruplarının hücumları 1963-1974-cü illəri əhatə edib.

1974-cü ilin 15 iyununda Yunanıstanda iqtidardakı xuntanın dəstəyi ilə Nikos Sampson Kiprdə prezident Makariosu devirib. Adadakı çevriliş xəbəri Ankaraya çatdıqda dərhal Təhlükəsizlik Şurasının iclası keçirilir.

Toplantıdan sonra baş nazir Bülənt Ecevit TSK-ya Kiprə müdaxilə ehtimalına qarşı hazırlıq görülməsi təlimatını verir. Ecevit Kipr adasına birgə müdaxilə etmək üçün Londona gedib, qarant ölkə kimi İngiltərəyə təklifini verir, amma rəsmi London bu təklifi rədd edir.

İyunun 18-də baş nazir Ecevit Londonda ABŞ dövlət katibinin köməkçisi Cosef Sisko ilə müzakirələr aparır. İyulun 19-da Sisko Ankaraya gəlir və bu zaman bəlli olur ki, onun Afinada apardığı müzakirələrin nəticəsi olmayıb. Kipr adasında isə türklərə qarşı yunan vəhşiliyi davam edirdi...

Elə həmin gün TSK-nın Dəniz Qüvvələri Komandanlığına aid bir gəmi Aralıq dənizinə açılıb. TSK isə Levkoşa-Həmidköy-Gönyeli və Pinarbaşı bölgələrinə havadan əsgər endirib. Bununla paralel olaraq Yavuz çimərliyinə əsgər çıxarmaqla 20 iyulda Kıprıs Barış Hərəkatına start verilib. Əməliyyat “Aişə tətilə çıxsın” adlanıb. Aişə dövrün Türkiyənin xarici işlər naziri Turan Günəşin qızının adı idi. Bu parolla Cenevrədə danışıqlar aparan baş türk diplomatı hərəkatın başlandığını bilmiş olmalı idi.

Türk ordusunun Kipr adasına doğru hərəkata başladığını dünya baş nazir Bülənt Ecevitin “Bu hərəkatın insanlığa və sülhə böyük xidmətlər göstərəcəyinə inanırıq. Ümid edirəm ki, əsgərlərimizə atəş açılmaz və qanlı bir qarşıdurmaya yol verilməz. Biz əslində müharibə üçün deyil, sülh üçün, təkcə türklərə deyil, yunanlara da barış gətirmək üçün adaya gedirik” deyir.

Türk qırıcıları iyulun 21-də yunan mövqelərinə qarşı hərəkata keçir, ordu Levkoşa hava limanı ilə Qaymaqlı bölgəsinə hücuma başlayır, digər türk birqadası Zeytunlu istiqamətində irəliləyir. Hərəkatın 3-cü günü ordu hücum nəticəsində Dəliktəpəni ələ keçirir. Girnəyə gedən türk ordusu Levkoşaya istiqamət alır. Bunun sayəsində Levkoşa-Girnə xətti birləşdirirlir.

BMT-nin Təhlükəsizlik Şurası isə təcili toplanır və onun çağırışı əsasında Türkiyə iyulun 22-də, saat 17:00-da əməliyyatı dayandırır.

Bundan sonra ABŞ və İngiltərə diplomatlarının vasitəsilə Türkiyə ilə Yunanıstan arasında danışıqlar başlayır, atəşkəs sazişi imzalanır. İyulun 22-də prezident Nikos Sampson istefa verir.

TSK 3 günlük Kıprıs Barış Hərəkatı zamanı 57 şəhid verir, 184 əsgər isə yaralanır. 1974-cü ilin 25 iyulunda Cenevrdə Ankara-Afina arasında danışıqlar başlayır. Amma iyulun 30-da danışıqlar dayanır, avqustun 6-da yunan qüvvələri Girnənin qərbinə hücuma başlayır. Hücumun qarşısını alan türk ordusu əks həmlə ilə Laptanı ələ keçirir. Bundan sonra Cenevrədə təkrar sülh danışıqları başlayır. Bu danışıqlarda Kipr türklərini Rauf Denktaş təmsil edir. Amma danışıqlar yenə də yarımçıq dayandırılır. Avqustun 14-də TSK-nın Kiprdə hərəkətlənməsi baş verir. Məqsəd isə şərqdə Maqosa, qərbdə isə Levkiyəyə qədər olan ərazilərin yunan işğalından təmizlənməsi olur. Ordu avqustun 15-də Maqosaya daxil olur. Qərbdə isə Mitrini ələ keçir. Avqustun 16-da Lefkiyə və Omorfa alınır, Levkoşa bombalanır. Daha sonra isə tərəflər əsirlərin dəyişdirilməsinə razılıq verir.

Kıprıs Barış Hərəkatının nəticəsi olaraq 1975-ci ilin fevralında Kıprıs Türk Federal dövləti qurulur, dövlət başçısı vəzifəsinə Rauf Denktaş gətirilir. 1983-cü ildə isə Quzey Kıprıs Türk Cümhuriyyəti elan olunur. Hazırda bu dövləti yalnız Türkiyə tanıyır.


Müəllif: Cavad