Açıq və ya gizli sanksiyalar təhlükəsi Türkiyəni tutduğu yoldan dönməyə məcbur edə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Türkiyənin Şərqi Aralıq dənizində və Suriyadakı son addımları türk xalqının və Kipr türklərinin mənafeyini qorumaqda həssaslığını sübut edir. Heç bir gizli və aşkar sanksiya qorxusu Türkiyəni haqq işindən döndərə bilməz”, – deyə Ərdoğanın Lozanna sülh müqaviləsinin (1923-cü il) imzalanmasının ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.
O qeyd edib ki, “Türkiyə yüz il əvvəl olduğu kimi indi də vətəndaşlarının təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün kifayət qədər güc və qətiyyətə malikdir”.
Xatırladaq ki, Avropa İttifaqı ölkələri iyulun 15-də Türkiyənin Kiprdə apardığı qazma işlərinə cavab olaraq Ankara ilə yüksək səviyyədə dialoq aparmağı dayandırmaq barədə qərar qəbul edib.