Xəbər verildiyi kimi avqustun 8-də Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlıları keçmiş prezident Almazbek Atambayevin Koy-Taş kəndindəki iqamətgahına ikinci dəfə həmlə edərək onu həbs etməyə müvəffəq olub.
Teleqraf.com-un məlumatına görə, siyasətçi özü evdən çıxıb və təslim olub.
Təqdim olunan videoda onun təslim olma anı, aparılan danışıqlar əksini tapıb. A.Atambayevlə danışıqları ölkənin daxili işlər nazirinin müavini Kursan Asanov aparıb. A.Atambayev təslim olduğunu bildirib. Ancaq nazir müavinindən tələb edib ki, onun tərəfdarlarına toxunmasınlar:
“Mənim üçün heç bir fərqi yoxdur, məni güllələyə də bilərsiniz. Ancaq uşaqlara toxunmayın!”
Nazir müavini heç kimə toxunmayacaqlarını söz verib. Bundan sonra A.Atambayev “Kursan, o zaman sən gəl. Mən də uşaqları aşağı düşürüm” deyərək təslim olub.
Onu da bildirək ki, videonu A.Atambayevin tərəfdarları lentə alıb.