Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının geri qayıtmaq çağırışına Maral Akşənərin rəhbərlik etdiyi İYİ partiyaya keçən keçmiş MHP-çilər reaksiya verib.
Teleqraf.com xəbər verir ki, İYİ partiyanın Kepez rayon təşkilatından 19 nəfər İYİ partiyadan istefa verərək yenidən MHP-yə qayıdıb.
MHP-nin Kepez rayon təşkilatının rəhbəri Mehmət Səyyar yaşananların ibrətamiz olduğunu deyib.
Sabiq MHP-çilərin geri qayıtması şərəfinə mərasim təşkil edilib. Mehmət Səyyar keçmiş dostlarını yenidən MHP-də gördüyü üçün məmnun olduğunu söyləyib: “İYİ partiyanın Kəpəz rayon təşkilatının sədr müavini olduğu halda istefa verərək sıralarımıza qayıdan Özgür Avcı və digər partiyadaşlarıma “yuvanıza xoş gəldiniz” deyirəm”.
Etdiyi səhvi vaxtında dərk etdiyini deyən Özgür Avcı qeyd edib ki, İYİ partiyanın PKK terror təşkilatının siyasi uzantısı HDP ilə qeyri-rəsmi birgə fəaliyyəti artıq dözülməz hal almışdı: “Liderimizin çağırışına əsaslanaraq, evimə, ocağıma, yuvama geri qayıtdım. Mənim kimi səhv yola düşən bütün dava dostlarımı bu yanlış yoldan geri qayıtmağa çağırıram”.