Daşkənddəki "Özbəkistan" Forumlar Sarayında Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
Tədbirdə Hökumətin, Senatın və Ali Məclisin üzvləri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də mərasimə qatılıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək mərasim iştirakçılarını və ölkədə yaşayan xalqların nümayəndələrini təbrik edib, müstəqilliyin qazanılmasında ölkənin birinci Prezidenti İslam Kərimovun müstəsna xidmətlərinin olduğunu deyib. Prezident əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hökumətin gördüyü işlər barədə də danışıb. Ş.Mirziyoyev iqtisadiyyat, təhsil, səhiyyə və digər sahələrdə aparılan islahatlarla bağlı məlumat verib, iqtisadiyyatın inkişafı üçün müəyyənləşdirilən beş prioritet istiqamətdən bəhs edib.
Mərasim Özbəkistan incəsənət ustalarının böyük konsert proqramı ilə başa çatıb