2 Sentyabr 2019 13:19
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev şəxsiyyət əleyhinə törədilən cinayətlərə görə cəzanın sərtləşdirilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, prezident bu barədə Qazaxıstan xalqına müraciətində bildirib:

“Biz məhkəmə sistemində həddindən artıq və repressiv tədbirlərdən, sərt cəza tətbiqetmələrindən uzaqlaşdıq. Ancaq ölkədə hələ də çoxlu sayda ağır cinayətlər baş verməkdədir. Biz qanunvericiliyi humanistləşdirdik, ancaq bu zaman vətəndaşların təməl hüquqlarını gözdən qaçırdıq.

Təcili olaraq cinsi zorakılığa, pedofiliyaya, narkotiklərin yayılmasına, insan alverinə, qadınlara qarşı məişət zəminində şiddətə və şəxsiyyət əleyhinə törədilən digər ağır cinayətlərə, xüsusilə uşaqlara qarşı cinayətlərə görə cəzaları sərtləşdirmək lazımdır. Bu, mənim hökumətə tapşırığımdır”.

Qeyd edək ki, hələ avqust ayında Qasım-Jomart Tokayev “Tvitter”də təcavüz, pedofiliya və narkotiklərin yayılması ilə bağlı cəzaların sərtləşdiriləcəyinin anonsunu vermişdi.

Bu məsələ Qazaxıstanda bir sərnişin qatarında baş verən və rezonans doğuran təhqiramiz hadisədən sonra gündəmə gəlib. Olayla bağlı iki qatar bələdçisi mühakimə olunub, onların hər biri 2,5 il azadlıqdan məhrum edilib. Qazaxıstanlılar bu qərarı çox yumşaq hesab edərək ona etiraz ediblər.

Zərərçəkən özü də günahkarların cəzasının sərtləşdirilməsi üçün çağırışlar edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər