5 Sentyabr 2019 15:48
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oktyabrın 1-də Ermənistanda Avrasiya İqtisadi Birliyinin növbəti sammiti keçiriləcək. Görüş ərəfəsində Moskva ilə İrəvan arasında münasibətlərdə gərginliklər var. Ümumiyyətlə Nikol Paşinyan hakimiyyətə gəldiyi 1 il ərzində Rusiya ilə münasibətlərdə yeni gərginlik ocaqları yaradıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Rusiya münasibətində yaranmış gərginliyə diqqət çəkib:

“Birincisi, Rusiya Prezidenti Vladimir Putin əvvəlkitək həbsdə olan dostu Robert Köçəryanı müdafiə edir, həbsdə olan dostuna təbrik məktubları göndərir. Aydındır ki, bu təbriklər Ermənistanın baş naziri Nikol Paşinyanın xoşuna gəlmir, ancaq asılı olduğu qonşusunun liderinin siyasətini tənqid edə də bilmir. Ermənistan hakimiyyəti ehtiyat edir ki, Vladimir Putin Yerevanda olanda həbsdə olan Robert Köçəryanla görüşmək istəyə bilər. Putinə “yox” cavabı verməyin nə demək olduğunu Paşinyan anlamış deyil.

İkincisi, rəsmi Moskva Ermənistanda ittiham olunan bir sıra şəxsləri İrəvana təhvil verməkdən imtina edir. Ermənistanda barəsində cinayət işi başlanan “Ketrin qrup” şirkətinin başçısı Miqran Poqosyan Moskvada siyasi sığınacaq alıb. Avqust ayında Moskva Poqosyanı İrəvana verməkdən imtina etmişdi. Onun Rusiya vətəndaşı olduğu barədə məlumatlar var.

Üçüncüsü, Ermənistan da Rusiya vətəndaşı Vitali Şişkinə siyasi sığınacaq verib. Şişkin radikal millətçidir. Rusiya onu həbs etmək istəyir. Şişkin həbs təhlükəsindən yayınaraq Ermənistana qaçıb. Şişkin Ermənistana 6 ay bundan əvvəl gedib. Bu, Ermənistan müstəqillik qazandıqdan bu yana Rusiyanın “vətəndaşımı mənə təhvil ver” istəyini yerinə yetirmədiyi nadir hadisədir”.

Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan İran prezidenti Həsən Ruhanini oktyabrın 2-də Ermənistana dəvət edib:

“Paşinyan İranın da Avrasiya İqtisadi Birliyinin üzvlüyə qəbul olunmasını istəyir. İranın təşkilata qəbul olunması üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Belə bir ümumi razılığın olub-olmadığı bəlli deyil.

Amerikanın sərt sanksiyaları ilə üz-üzə qalan İran qonşu dövlətlərlə daha sıx əməkdaşlığa çalışması anlaşılandır. Buna görə də İran Avrasiya İqtisadi Birliyinə üzvlükdən imtina etməz.

Rəsmi Yerevan sammitdə iştirak edən prezidentlərin “erməni soyqırımı” abidəsini kollektiv şəkildə ziyarət etməsini istəyəcək. İran prezidenti Ermənistana səfəri zamanı həmin abidəni ayrılıqda ziyarət edərsə, bu, Türkiyədə və Azərbaycanda xoş qarşılanmayacaq.

Türkiyə və Azərbaycan İranla iqtisadi əməkdaşlığın genişlənməsinin və ortaq layihələrin reallaşmasının tərəfdarıdırlar. Ermənistan Türkiyə və Azərbaycana düşmən olan dövlətdir. Bu baxımdan rəsmi Tehran qonşularla münasibətlərdə bu amili nəzərə almalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər