12 Sentyabr 2019 19:05
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin 9 il müddətində ağır və sərt əllə idarə edilməsindən 39 il keçir. Belə ki, 1980-cı ilin 12 sentyabrında Türkiyə daha bir hərbi çevrilişə şahidlik etdi.

Teleqraf.com həmin çevrilişlə bağlı bəzi məqamları təqdim edir.

Sözügedən çevrilişə general Kənan Evren rəhbərlik edirdi. Həmin dövrdə Evren Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi idi.

12 sentyabr çevrilişi Türkiyəyə edamlar, işgəncələr, açılmayan cinayətlər, qanunsuz qətllər, sürgünlər kimi dəhşətli bir dövr yaşadıb.

Bütün bunları həyata keçirən isə general Kənan Evren olub. Bəs əslində Evren kimdir və bütün bunlara necə nail ola bilib?

Kənan Evren 1917-ci ildə Manisanın Alaşəhər qəsəbəsində doğulub. İlk və orta təhsilini Ataşəhər, Manisa, Balıkəsir və İstanbulda alıb, Maltəpə hərbi liseyinin məzunu olub.

1938-ci ildə Quru Qoşunları Hərbi Məktəbini, 1949-cu ildə isə Hərbi Akademiyanı bitirib. Daha sonra artilleriya zabiti və xidmət rəisi kimi silahlı qüvvələrin müxtəlif strukturlarında xidmət keçib.

Doqquzuncu Koreya Türk Briqadasından əvvəl əməliyyat və təhsil şöbəsinin rəhbəri, qərargah rəisi postunu tutub. Ordu komandanlığı və Quru Qoşunları komandanlığından sonra 1978-ci ilin martın 7-də Baş qərargah rəisi postuna gətirilib.

Məhz general Evren bu posta olduğu zaman dövlət çevrilişi həyata keçirib. 1980-ci ilin 12 sentyabrında hakimiyyəti devirən general əvvəlcə Milli Təhlükəsizlik Şurasının katibi, iki il sonra Türkiyə prezidenti elan olunub.

1982-ci il aprelin 7-də xalq səsverməsinə təqdim edilən və qəbul olunan konstitusiya ilə Türkiyənin yeddinci prezidenti kimi fəaliyyətə başlayan Evren 1989-cu ilin noyabrın 9-da fəaliyyətini başa vuraraq prezidentlikdən ayrılıb.

AKP iqtidarı zamanı Kənan Evrenin dövlət çevrilişi ətrafında ciddi müzakirələr, məhkəmə prosesi qurulub və hətta onun həbs edilməsinə hazırlıq görülüb. Amma 2015-ci ilin mayın 9-da general Kənan Evren müalicə aldığı Gülhanə Tibb Akademiyasında 98 yaşında vəfat edib.

Onun rəhbərlik etdiyi dövrlər Türkiyənin ən qaranlıq dövrü kimi tarixə düşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər