Əldə olunan razılaşmaya sadiqik. Amma bir şərtlə. Müqabil tərəf də üzərinə düşəni yerinə yetirməlidir. Müəyyən edilən təhlükəsizlik bölgə sərhədləri daxilində hələ də terrorçuların olduğunu bilirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan deyib.
Ərdoğan əlavə edib ki, Ankaranı “terrorçuları buradan çıxardıq, buralar terrorçulardan təmizləndi” sözləri ilə aldada bilməzlər: “Buralar terrorçulardan təmizlənmiş deyil. Nə Tel-Rifatda nə də Menbiçdə. Terrorçular hələ oradan çıxarılmayıb. Eyni şəkildə Rasulayn şərqindən və cənubundan... Bir tərəfdən “Nefti mən çox sevirəm” dediyi zaman orada nə var? Neftin yanında nefti birlikdə istehsal edəcəkləri terrorçular var. Oraları bu terrorçular işlədirdi. Əslində maliyyə qaynaqları da oradır”.
Prezident bildirib ki,təhlükəsizlik bölgə sərhədləri kənarındakı terrorçular da türk əsgərlərinə hücumlar təşkil edir: “Bu vəziyyətə seyrçi qalmaq niyyətimiz yoxdur. Bu günə qədər olduğu kimi bundan sonrada nə etmək lazımdırsa, onu da edəcəyik. Türkiyə ilə bərabər şərtlərdə müzakirələr aparmağa, anlaşmağa hazır olan hər kəsə ölkəmizin və könlümüzün qapıları sonuna qədər açıqdır”.
Ərdoğan xatırladıb ki, hazırda ərazidə patrul xidməti həyata keçirilir: “Biz Rusiya ilə razılaşma çərçivəsində patrul xidmətləri həyata keçirərkən təəssüflər olsun ki, ABŞ tərəfi də terror təşkilaatı YPG/PYD ilə ayrıca patrul xidməti həyata keçirir. Halbuki onlar geri çəkiləcəkdi. Əslində çəkilmə qərarı verdilər. Belə qərar verdikləri halda indi bölgədə belə bir patrul xidməti aparılmasını və bunu bir terror təşkilatı ilə həyata keçirilməsini necə izah edəcəyik? Bizim razılaşmamızda belə hallar nəzərdə tutulmur”.