İran Buşehr Atom Elektrik Stansiyasının 2-ci enerji blokunun tikintisinin başladıldığını elan edib.
Teleqraf.com xəbər verir ki, Buşehrdə keçirilən betontökmə mərasiminə İranın Atom Enerjisi təşkilatının sədri Əli Əkbər Salehi və Rusiya Dövlət Atom Enerjisi qurumunun (Rosatom) icraçı direktorunun birinci müavini Aleksandr Lokşin qatılıb.
Reaktorun tikintisi üçün bünövrə qazma işləri 2017-ci ilin noyabr ayında başlayıb, layihənin 2-ci mərhələsinin icrası təxirə salınsa da, ötən gün yenidən start götürüb.
Məlumata görə, hər 3 blok birlikdə 3 min meqavatt enerji istehsal etmək gücünə sahib olacaq.
Layihənin əsas podratçısı “Atomstroyeksport” şirkətidir.
Uran Buşehr AES-ə MAQATE-nin nəzarəti altında Rusiyadan gətirilir. Lakin İran bir neçə gün öncə bəyan edib ki, Buşehrin enerjisini təmin etmək üçün uranın zənginləşdirilməsini 4.5%-ə çatdırıb. Bu isə “Altılıq” ölkələri, o cümlədən ABŞ 2015-ci il nüvə razılaşmasında göstərilən həcmdən çoxdur.