İtaliyanın paytaxtı Roma şəhəri və Vatikanda terror həyəcanı yaşanır.
ANS PRESS-in məlumatına görə, Roma Papası Fransiskə və Vatikana gözlənilən terror təhlükəsinin qarşısını almaq üçün Müqəddəs Pyotr meydanında təhlükəsizlik tədbirləri gücləndirilib. Səbəb isə İŞİD terrorçu qruplaşmasının fəaliyyətinin genişlənməsi ilə bağlıdır.
Ötən həftə İŞİD-in xristian aləmini hədəfə alması ilə bağlı məsələyə münasibət bildirən İtaliyanın daxili işlər naziri Angelino Alfano deyib ki, ölkəsinə qarşı hər hansı terror təhlükəsinin olması ilə bağlı heç bir əsaslı dəlil yoxdur.
İŞİD-in İtaliyaya qarşı hər hansı təhlükə yaratmayacağını vurğulayan İtaliyanın xarici işlər naziri Federika Mogherini isə qeyd edib: “İŞİD qlobal miqyasda bir təhlükədir. Məhz bu səbəbdən də bu qruplaşmaya qarşı beynəlxalq səviyyədə, koordinə edilmiş mübarizə aparmaq lazımdır”.