2 Yanvar 2020 15:06
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atatürkə böyük bir heyranlığım var, o, tarix səhnəsinin çox böyük lideridir. Bəzi tərəflərini müzakirə etmək olar, amma ümumilikdə kimsə onun etdiyini bacarmayıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Livan kökənli fransız yazıçı Amin Maaluf deyib.

Maaluf bölgədəki digər ölkə liderlərinin də Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə bənzəməsini arzulayıb:

“Birinci Dünya Müharibəsindən sonra dünya gücləri Türkiyəni parçalamaq istəyirdilər, amma Atatürk buna imkan vermədi. Böyük güclər bu müqavimət qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bu, Atatürkün dünyaya verdiyi böyük dərsdir. Əgər siz nə istədiyiniz bilirsinizsə, bunun üçün savaşmağı gözə alırsınızsa, özünüzdən daha böyükləri də geri çəkilmək məcburiyyətində qoyursunuz.

Bu gün isə Yaxın Şərq ölkələrinin əksəriyyəti amerikalılardan əmr gözləyir. Böyük güclərin hazır siyasətlərinin, planlarının olduğunu düşünməmək lazımdır. Lakin özünə əmin olan, özünə güvənən bir lider onların fikirlərini dəyişə bilər. Atatürk bunu bacardı”.

Fransız yazıçı ərəb dövlətlərinin daxildən parçalanmış vəziyyətdə olduğuna da diqqət çəkib: “Bütün ərəb ölkələri ümumi maraq dairəsində deyil. Ərəb dünyası 20 qüsurlu dövlətə bölünmüş vəziyyətdədir. Hər ölkə də öz daxilindən etnik və dini qruplara parçalanıb. Başqa sözlə, artıq onları eyni istiqamətə döndərmək və birləşdirmək mümkün deyil”.

Maaluf dini və dünyəvi dəyərlərin yer verildiyi Türkiyənin ərəb və müsəlman ölkələri üçün bir model ola biləcəyi ehtimalınadan da danışıb:

“Bu haqda danışmaq çətindir. Mən də bir ara Türkiyənin model ola biləcəyi hissinə qapıldım. Xüsusən “Ərəb baharı” dönəmində – 2011-2012-ci illərdə Türkiyə və bölgə dövlətləri arasında bir koalisiyanın qurulacağını, dünyəvi dəyərlərlə dinin bir model kimi qabağa çıxacağını gözlədim. Amma bu proses “Ərəb baharı” ilə birlikdə başa çatdı. Hər ölkə fərqli yönə getdi.

Liviya və Suriyada vətəndaş müharibəsi başladı. Misir və digər ölkələrdə hərbçilər yenidən hakimiyyəti ələ keçirdi. Nəticədə belə bir model gerçəkləşmədi”.

Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub.

1975-ci ilə vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. 1988-ci ildə çap edilən ikinci romanı "Səmərqənd" ona böyük şöhrət gətirib.

1993-də çap edilən "Tanios Qayası" (Le Rocher de Tanios) romanına görə Fransanın məşhur "Qonkur Akademiyası Ədəbiyyat Mükafatı"na layiq görülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər