ABŞ-in İranın mədəni obyektlərini məhv etməklə hədələməsi onun İŞİD kimi davrandığını göstərir.
Teleqraf.com xəbər verir ki, bu sözləri “İRNA” agentliyinə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Zərifin müvafiq qeydi onun bəyanatının İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançı tərəfindən BMT Təhlükəsizlik Şurasının iclasında oxunması zamanı diqqətə çatdırılıb. Amerika vizasının verilməməsi səbəbindən İran xarici işlər nazirinin iclasda iştirak etməsi mümkün olmayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ-ın İranda hədəfə götürdüyü 52 obyektin siyahısına mədəni irs nümunələrinin də daxil olduğunu bildirib. Bu tvit bir sıra siyasətçilərin və ekspertlərin narahatlığına səbəb olub. Belə ki, beynəlxalq qanunlar belə obyektlərə zərbə endirməyi qadağan edir.