İngiltərə, Almaniya və Fransa (“E3”) nüvə müqaviləsinin şərtlərini yerinə yetirməmək ittihamı ilə İrana qarşı “Mübahisələrin Həlli Mexanizmi”ni (MHM) işlə salmaq barədə qərar verib.
Teleqraf.com xəbər verir ki, həmin ölkələrin xarici işlər nazirləri birgə bəyanat yayaraq, nüvə müqaviləsini qoruyub saxlamağa çağırıb.
Bəyanatda İranın müqavilə üzrə öhdəlikləri yerinə yetirməyəcəyini açıqladığı, nüvə proqramını genişləndirəcəyi barədə qərar verdiyi qeyd edilib:
“İran nüvə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün sözügedən anlaşmanın 36-cı maddəsində əks olunan “Mübahisələrin Həlli Mexanizmi”ni işə salmaqdan başqa seçim qalmadı”.
Bu addımın sazişi qorumaq və məsələnin diplomatik yolla həll variantını saxlamaq məqsədilə atıldığı bildirilib. Habelə üç ölkənin ABŞ-ın təzyiq siyasətinə qatılmadığı vurğulanıb.
“Mübahisələrin Həlli Mexanizmi”nə görə, məsələnin çözümü ilə məşğul olan tərəflərə iki həftə vaxt verilir. Bütün tərəflər bunu qəbul edəcəyi halda isə nəzərdə tutulan müddət uzadıla bilir. Bir dialoq formatının qurulması vəziyyətində isə müddət 20 günədək artırıla bilir.
Verilən vaxt ərzində öhdəliklər yerinə yetirilməsə, məsələ ilə bağlı müvafiq addımlar atılacaq.