30 Yanvar 2020 09:14
2 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiminə görə birinci xanımlıq elə ona yaraşır, kiminə görə də o, dünyanın ən gözəl birinci xanımıdır. Kimi Trampın kölgəsində qaldığını düşünür, kimi də prezidentin yanındakı duruşunu təqdir edir. Həqiqətin nə olmasınan asılı olmayaraq, Melaniya Tramp dünyanın ən çox müzakirə olunan birinci xanımlarından biridir. Hər davranışı, libası dünya mediasında yer alır. Həyat yoldaşına soyuq rəftarı, əlini tutmaması və digər ölkələrin başçıları ilə səmimi görüşləri belə, onun gündəmə gəlməsinə bəs edir.

Teleqraf.com ABŞ-ın birinci xanımı Melaniya Tramp haqda yazını təqdim edir.

Donald Tramp 2016-cı ildə seçkiyə iyirmi gün qalmış həyat yoldaşı Melaniya Trampı meydana çıxardı. Amerika mediasının iddiasına görə, seçkiqabağı kampaniyada sürətlə tərəfdar itirən Tramp cazibədar həyat yoldaşına güvənirdi.

Təsadüfi deyil ki, Tramp onu həmin dövrdə barəsində cinsi təcavüz iddiaları yayılan kimi ortaya çıxarmışdı. CNN-ə müsahibədə Trampın qadınlar haqda fikirlərini qeyri-məqbul adlandırdı və onun üzrünün qəbul olunmasını xahiş etdi. Lakin Melaniya bir çox qadınların telefon nömrələrini Trampa özlərinin verdiyini, buna bir neçə dəfə şahid olduğunu da dedi.

Melaniya Tramp həyat yoldaşının təkidi ilə görünməyə başlayan kimi diqqət çəkdi. Amerika prezidentinin üçüncü həyat yoldaşı olan keçmiş model Melaniya vaxtilə kamera qarşısında verdiyi açıq-saçıq pozalarla xatirələrə qayıtdı...

Kommunist ölkədən gələn birinci xanım

50 yaşlı Melaniya Tramp keçmiş Yuqoslaviyada (Sloveniya) doğulub. 2001-ci ildə ABŞ-da daimi yaşamaq haqda icazə alan gələcək birinci xanım 2006-cı ildə Amerika vətəndaşı oldu. Həmin il Donald Trampla evləndi.

Modellik günlərində dünyanın ən zəngin adamlarından birinin həyat yoldaşı olan Melaniya evləndikdən sonra bir zinət əşyaları markasının sahibinə çevrildi. Lakin internetdə keçmiş model barəsində olan məlumatlar, daha doğrusu, vaxtilə çəkdirdiyi çılpaq fotolar seçkiqabağı kampaniyada Trampın başını ağrıtdı.

Atanın xəyanəti

Keçmiş adıyla Melaniya Krauss Donald Trampla 1998-ci ildə münasibət yaşamağa başlamışdı. Yeddi ilik münasibətdən sonra evlənən cütlüyün Barron adlı oğulları var. Donald Tramp birinci xanım Melaniyadan əvvəl Marla Maplz və İvana Zelniçova ilə evliliyə imza atmışdı.

Melaniya isə Amerika prezidentinin üçüncü həyat yoldaşıdır.

Keçmiş Yuqoslaviya Sosialist Respublikasından gələn Melaniya Tramp indiki dəbdəbəli həyatının əksinə olaraq, yoxsul bir mühitdə böyüyüb. Lakin Donald Trampın həyat yoldaşı kimi ABŞ-ın bir kommunist ölkədən gələn ilk birinci xanımı kimi adını tarixə yazdırdı.

Mövzu Melaniyadırsa, həyatındakı ilklər təkcə kommunist ölkədən gəlməsi ilə bağlı deyil. Eyni zamanda, 2000-ci ildə “GQ” jurnalı üçün çılpaq poza verən ilk birinci xanımdır.

Amerikanın birinci xanımı ilə bağlı digər bir faktı isə “GQ” yazarı Yuliya Yoff üzə çıxardı. Atası Viktor Knavsın başqa bir münasibətdən bir oğlunun olduğunu öyrənəndə bunu rədd etsə də, Melaniya daha sonra bundan xəbəri olmadığlnı deyərək, məsələni bağladı.

Yarımçıq qalan təhsil

Mişel Obama Prinketon Universitetindən məzun olduqdan sonra Harvard Hüquq Məktəbinə daxil olaraq, ABŞ tarixinin magistr pilləsində təhsil almış ilk birinci xanım özəlliyini daşıyırdı.

Yeni birinci xanım Melaniya Tramp isə universitetdəki ilk ilində ali məktəbdəki qeydiyyatını sildirərək modelliklə məşğul olmağa başladı. Hazırda 50 yaşı olan Melaniya, habelə dünya markası olan bir zinət əşyası firmasının sahibidir.

Melaniya və Donald Tramp 1998-ci ildə bir moda dəfiləsində tanış oldu. Həmin vaxt Donald Tramp keçmiş gözəllik kraliçası Mariya Maplzla evli idi. Melaniya həmin tanışlıq haqda sonralar bir müsahibədə belə danışmışdı:

“Telefon nömrəmi istədi, amma bir münasibəti vardı. Buna görə nömrəmi vermədim”. Lakin Tramp az sonra Melaniyadan nömrəsini almağın bir yolunu tapdı, beləliklə münasibətə başladılar.

Toya gəlməyə məcbur olan Klintonlar

Floridada Palma Çimərliyində evlənən cütlüyün 350 nəfərin qatıldığı toyunda keçmiş prezident Bill Klinton və həyat yoldaşı Hillari Klinton da iştirak etdi. Tramp daha sonra verdiyi açıqlamada bunları demişdi: “İştirak etmək məcburiyyətində idilər, çünki Klinton Fonduna pul bağışlamışdım”.

Melaniya toyda üzərində 1500 ədəd kristal daş olan 100 min dollar dəyərində gəlinlik libası geyindi. Gəlinliyin hazırlanmasının 550 saat davam etdiyi bildirilir. Dörd metr uzunluğundakı gəlinliyin beş metr fatası vardı. Melaniya Trampın 12 karatlıq brilliant üzüyünün 1.5 milyon funt-sterlinq dəyərində olduğu deyilir.

Nyu-York aristokratiyasından uzaq bir ölkənin yoxsul bir ailəsində doğulan Melaniya ingilis dili ilə yanaşı, sloven, fransız, serb və alman dillərini bilir. O, 1825-1829-cu illərdə Ağ Evdə Con Kuinsinin ingilis həyat yoldaşı Luiza Adamsdan sonra başqa bir ölkədə doğulan ikinci birinci xanımdır.

Özü miqrantdır, amma…

Melaniya Donald Trampla evliliyinə qədər Amerika hökumətindən yaşamaq hüququ alan Balkan yarımadasından gəlmiş bir miqrant idi. Lakin Donald Trampın seçkiqabağı kampaniya dövründə miqrantlar əleyhinə səsləndirdiyi fikirləri və verdiyi vədlərini dəstəklədi.

Bir müsahibədə bu haqda belə deyirdi: “Qanunların tərəfindəyəm. Burada heç vaxt qanunsuz şəkildə qalmağı düşünmədim”. Donald Trampın ABŞ-Meksika sərhədlərini bağalamaq qərarına isə bu reaksiyanı verdi: “Meksikalıları təhqir etdiyini düşünmürəm. O, qeyri-leqal miqrasiyadan bəhs etdi”.

Yataqda çılpaq

Aylıq bir fransız kişi jurnalına verdiyi pozaları Nyu-Yorkda yayımlananda rezonans doğurdu. Fotolarda Melaniya Tramp skandinav model Emma Erikssonla çılpaq halda yatağa uzanmış şəkildə əks olunub. Fotoqraf Jarl Ale de Bassevill fotolar haqda bunları deyirdi: “Bu, sadəcə gözəllik və porno deyil”. Donald Trampın reaksiyası isı belə idi: “Belə fotolar Avropada dəbə uyğundur və geniş yayılıb”.

Özü də “birinci xanım olacağam” demişdi…

Melaniya Tramp seçki kampaniyasında verdiyi bir müsahibədə həyat yoldaşına siyasi tövsiyələr verməkdən çəkinmədiyini açıqladı. Donald Tramp da həmin dövrdə böyük qızı İvanka və həyat yoldaşı Melaniyanın ona tez-tez “Özünü prezident kimi apar” dediyini bildirdi.

Donald Tramp həmin dövrdə həyat yoldaşı haqda tez-tez təkararladığı sözlər bunlar idi: “İnanılmaz bir anadır. Oğlu Barronu çox sevir, inanılmaz birinci xanım olacaq”.

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin bioqrafiya yazarı Pamela Kox Melaniya Tramp üçün “Gözəl, ağıllı və öz fikirləri olan” sözlərini işlədib. Melaniya Tramp da 2000-ci ildə bir çıxışında Betti Ford vəya Ceki Kennedi kimi ənənəvi birinci xanım ola biləcəyini söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər