Türk musiqisinin divası, cümhuriyyət tarixinin ən önəmli sənətçilərindən biri sayılan Müzəyyən Sənarın vəfatından 5 il ötür.
Teleqraf.com xəbər verir ki, türk musiqisinin əfsanə səsi beş il əvvəl - 97 yaşında həyata gözlərini yumub.
Osmanlıda kişinin qadından üstün olduğu kultunu dağıdan Sənar müasir Türkiyə Cümhuriyyətinin canlı-qanlı nümunələrindən biri idi. O, bir neçə dəfə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün qəbulunda olmuşdu. Sənar ilk dəfə 1936-cı ildə Atatürklə tanış olub.
Sənarla 35 il bir yerdə işləyən və “O, bir divdi, bir dövrdü” kitabını qələmə alan Radi Dikici sənətçi və Atatürk arasında keçən anıları belə qələmə alıb:
“Ailənin dolanışığı Əli bəyin maaşı və Müzəyyənin radiodan aldığı məvaciblə məhdudlaşırdı. Bir gün evin qapısı vuruldu, gələn saz ustadı Nübar Təkyay idi. Sonrasını Müzəyyən Sənar belə danışır:
“Nübar Təkyay mənə dedi, “Gedək, qızım, Mustafa Kamal Paşa səni dinləmək istəyir, Dolmabağça sarayına gedirik”. Həyəcandan yerə çökdüm, o böyük adam məni dinləmək istəyirdi, məni çağırır, onun üçün oxuyacağam. Onu gördüyüm an səsimin çıxmayacağını, rəzil olacağımı düşündüm. Paşanın bizim üçün göndərdiyi araba aşağıda gözləyirdi.
Sanki mənə bir əsr kimi görünən hazırlıq və yoldan sonra saraya çatdıq. Masanın hazır olduğu salona daxil olanda Atatürkü gördüm, dizlərimin bağı çözüldü. “Gəl, qızım, yanımda otur” - deyəndə ürəyim gedib yıxıla bilərdim. Musiqiçi dostlarımı görəndə sevindim”.
Müzəyyən Sənar xoşbəxt və həyəcanlıdır, elə bil yuxu dünyasındadır. Senar danışmağa davam edir:
“Atatürk yavərini çağırdı, nəsə dedi, yavər mənə dönüb “Xanım, həyat yoldaşınızla birlikdə məni təqib edin”- dedi. Bizi otaq qədər böyük bir hamama gətirdi, içəridə üç nəfər vardı. Bərbər olduqlarını anlamışdım. Yavər “Paşamın bəzi istəkləri var, bərbər özü bilir”, dedi. Bərbər saçımı açdı və kəsməyə başladı. Bitdikdən sonra saçlarım qısalmış, amma mənə jurnallarda gördüyüm dəbli bir görünüş vermişdi”.
Müzəyyən Sənar sonrakı illərdə bir daha saçlarını heç vaxt uzatmadı, Atatürkün istədi kimi qaldı:
“Sıra Əliyə çatmışdı. Amma onun etirazlarına baxmayaraq, bığını kəsdilər, çox sevdiyi bığı artıq yox idi. Təəssüf ki, Əlini salona buraxmadılar, mən yavərin arxasınca salona girəndə Atatürkün üzündəki məmnunluğu göstərən təbəssüm vardı. Bir tərəfdən rakı içir, bir tərəfdən də məzə yeyirdi. Sonra mənə döndü, “Səndən bir mahnı istəsəm, oxuya bilərsən?”, dedi. “Əmr edin”, dedim. Atatürk Tatyosun (yunan) mahnısını seçmişdi.
Sonra Lavtacı Ovrikin (erməni musiqiçi Ovrik Kazasyan) əsərini oxudum, bundan sonra məndən türkü istədi, türküləri oxuyanda məni müşayiət edirdi. Səhərin ilk işıqlarını görəndə süfrədən qalxdı. Saz susdu mənim üçün həyəcanla başlayan gecə böyük bir zövqlə başa çatdı”.
Müzəyyən Sənar Atatürklə növbəti dəfə 1937-ci ildə Bursada görüşür:
“Bir gün yenə qapı vuruldu, gələn Sələhəddin Pınardır, “Hazırlaş sabah Bursaya gedirik” dedi. Bursaya getdik, Atatürk içəri girəndə hamı ayağa qalxdı. Yavər mənə dedi ki, Atatürkün yanında oturacağam. Oturdum, mənə dönüb “Necəsən qızım?”, deyə soruşdu. “Yaxşıyam”, dedim. O gecə də məni canlı dinlədi. O gecə və Atatürkü heç vaxt unutmayacağam”.
Sənar daha sonra Bursada bələdiyyənin salonunda keçirilən bir ziyafətdə mahnı oxudu. Açılış rəqsini Atatürklə oynadı. Mudanyada gəmidə Atatürkün zeybək rəqsini oynamasını gördü.
1938-ci ilin iyun ayı. Səhər erkən saatlarında Nübar Təkyay gəldi. “Savarona yaxtasına çağırılmışı”, dedi.
Sonrasını Müzəyyən Sənar danışır:
“Təxminən 7-8 ay əvvəl gördüyümü Atatürkə bənzəmirdi. Süzülmüş və üzü incəlmişdi, sanki saçları da seyrəlmişdi. Masaya oturmağımıza işarə etdi. Yenə çox həyəcanlı idim. Süfrədə içki yox idi, siqaret də çəkmədi. Saat üçdə həkiminin məsləhəti ilə istirahətə çəkilməli idi. Ayağa qalxana qədər gözlədik. “Təşəkkür edirəm, uşaqlar”, dedi. Bu bir vida idi. Hamımız kədər içindəydik. Bu, mənim Atatürkü sonuncu dəfə görməyim idi”.