Qiyamçı general Xəlifə Haftara bağlı hərbi qüvvələr Liviyanın paytaxtı Tripoliyə hücuma hazırlaşır. Haftar ordusu bu məqsədlə paytaxtın cənub istiqamətinə canlı qüvvə və ağır texnikalar yığmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın legitim Milli Sülh Hökumətinə bağlı Ayn Zara qüvvələrinin komandanı Yusif əl-Amən açıqlama verib.
Amən Haftarın atəşkəs rejimini pozaraq, bölgəyə qüvvə yığmağa davam etdiyini bildirib. Qiyamçı generalın yenə də əsas dəstəkçisi Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ-nin bu məqsədlə Liviyaya əlavə silah-sursat, hərbi texnika göndərdiyi qeyd edilib.
Liviya Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Kununu Əl-Məttabat yaxınlığında Haftar ordusuna məxsus üç zirehli texnika və hərbçisinin vurulduğunu açıqlayıb.
Milli Hökumətə cavab olaraq, artıq BƏƏ-yə məxsus kəşfiyyat qırıcısı paytaxt yaxınlığında manevrlər etməyə başlayıb.