Türkiyənin 11-ci prezidenti Abdullah Gül ilk dəfə Baş Nazirin keçmiş müavini Əli Babacanın quracağı partiya haqda danışıb.
Teleqraf.com xəbər verir ki, sabiq prezident Babacanın partiya quruculuğu təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
Gül Babacanın quracağı partiyada yer alıb-almayacağı haqda suala belə cavab verib:
“Mən, prezident postundan getdikdən sonra aktiv siyasətlə məşğul olmayacağımı demişdim. Amma ölkəm üçün faydalı olacaq addımlara dəstək vermək də vəzifəmdir. Əli bəy qurduğu partiyası haqda zaman-zaman cəmiyyəti məlumatlandırır, ara-sıra mənimlə də görüşür”.
“Partiyanı dəstəkləyirsiniz?” sualına isə “Əlbəttə dəstəkləyirəm. Əli bəyin xarakterinə və siyasi üslubuna güvənirəm” cavabını verib.
Gül Babacanın partiyasından 2023-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olacağı ilə bağlı yayılan iddialara da cavab verib:
“Bir şəxsi prezident etmək üçün siyasi partiya qurmağa nə ehtiyac var? Siyasi partiyalar vaxtı çatanda uğur qazanmaq üçün lazım olan addımları atırlar”.