21 Fevral 2020 12:26
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parlament seçkilərində fəallıq çox zəif olacaq, bəlkə də bu, İran İslam Respublikası tarixində ən aşağı səviyyəli göstərici olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Paris Universitetinin professoru və iranlı siyasi analitik Azadə Kian deyib.

Onun sözlərinə görə, bir çox namizədin seçkidə iştirakına icazə verilmir, insanlar bu hüquqdan məhrumdur və hakimiyyətin etirazlara reaksiyasına qəzəblənirlər.

Azadə Kian bildirib ki, əsas mübarizə mühafizəkarlar və ultra-mühafizəkarlar arasında gedəcək və bu, gələn il keçiriləcək prezident seçkilərinə qədər davam edəcək.

Qeyd edək ki, İranda növbəti parlament seçkiləri bu gün keçirilir. 29 mindən çox namizəd 290 yer uğrunda mübarizə aparır. 83 milyon iranlıdan təqribən 57 milyon 918 nəfər səsvermə hüququna malikdir.

Seçicilərin 29 milyon 39 min 152 nəfəri kişi, 28 milyon 879 min 6 nəfəri qadınlardır.

İran parlamentində dini və etnik azlıqlar üçün beş yer ayrılıb. İranda yaşayan etnik ermənilər üçün iki yer, assuriyalılar, yəhudiləri və zərdüştilər üçün isə bir yer nəzərdə tutulub.

Parlament üzvləri xalq səsverməsi ilə 4 il müddətinə seçilir. Yeni İran parlamenti 2020-ci il mayın sonunda işə başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu