24 Fevral 2020 11:42
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana gələn koronavirus dünyaya yayılmağa davam edir.

Teleqraf.com xəbər verir ki, İrandan Bəhreynə səfər edən 1 nəfərdə, Küveytə səfər edən 3 nəfərdə koronovirus aşkarlanıb.

Küveyt rəsmi xəbər agentliyi KUNA Məşhəddən ziyarətdən qayıdan 3 nəfərdə koronavirus aşkarlandığını yazıb. Məlumata görə, virusa yoluxan 3 nəfərdən biri Küveyt, biri Səudiyyə Ərəbistanı vətəndaşıdır, üçüncü şəxsin kimliyi isə hələ dəqiqləşməyib.

Bəhreyn Səhiyyə Nazirliyi də virusun İrandan qaynaqlandığını yayıb.

Qeyd edək ki, İraq Küveyt rəsmilərinin tələbi ilə Safvan sərhəd qapısını bağlayıb. Eləcə də İrandan gələn gəmilərin ölkəyə girişinə qadağa qoyulub.

İran virusun sürətlə yayıldığı son ölkələr sırasındadır. Bu günə qədər İranda 48 nəfər virusa yoluxub, onlardan 12 nəfər virus nəticəsində həyatını itirib.

Xatırladaq ki, koronavirus nəticəsində dünyada ölənlərin sayı 2 594 nəfərə çatıb, virusa yoluxanların sayı 80 mini ötüb.


Müəllif: Nərgiz Cavadzadə, Aysel Azad