M5 yolunu ələ keçirib, M4 yoluna yönələn Bəşər Əsəd ordusuna cavab olaraq, Neyrab kəndini geri alan Azad Suriya Ordusu Sərakib şəhərinə doğru irəliləməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Əsəd ordusu İdlibin cənubundan keçən Hələb-Ləzgiyə yolunu (M4) ələ keçirmək üçün hücumların sayını artırıb.
Rejim qüvvələrinin martın 5-də keçiriləcək Rusiya və Türkiyə prezidentlərinin görüşündən əvvəl M4 və ətrafını ələ keçirməyi planlaşdırır. Bu məqsədlə ASO-nun mövqelərinə hücumları artıran Əsəd qüvvələri bölgədə qarşıdurmanın fitilini yenidən alovlandırıb.
Rejim ordusunun qarşısını almaq istəyən Türkiyə Silahlı Qüvvələri İdlibin cənub bölgəsində yeni müşahidə məntəqələri quraraq, ərazilərdəki qüvvələrinin sayını artırıb. Bu məqsədlə Kənsəfra, Bərudə və Bəsamişdə 4 yeni müşahidə məntəqəsi inşa olunub. Bundan başqa, türk ordusuna məxsus 50 hərbi texnika İdlibin Cəbəl Zəviyyə bölgəsinə dislokasiya edilib.
Rus qırıcıları buna cavab olaraq, ASO-nun İdlibin cənubundakı bazasını vurub.
Şiddətli qarşıdurmaların baş verdiyi Neyrabda Əsəd ordusunun 40-dan çox hərbçisinin həlak olduğu bildirilib. Neyrabla yanaşı, Salhiyyə, Marat əl-Əvilyanı da nəzarət altına alan ASO Sərkib şəhəri istiqamətində əməliyyatlara başlayıb. Hazırda Sərakib ətrafında Əsəd ordusu və müxaliflər arasında şiddətli qarşıdurmaların getdiyi bildirilib.
Türk qırıcıları da rejim qüvvələrinin Sərakibdəki hərbi nöqtələrini bombardman edib. Türklər Əsəd ordusunun Sərkibə göndərdiyi hərbi texnikaları dislokasiya nötqəsinə çatmamış sıradan çıxarıb. Rejim üzərində təzyiqləri artıran müxaliflər Sərakibin cənubundakı Dadix kəndinə hücumları artırıb. Kənd yaxınlığında Əsədin iki tankı məhv edilib.