Tokioda 25 avqust - 6 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan 2020 Paralimpiya Oyunları və Olimpiya Oyunları təxirə salınıb. Oyunlarının təxirə salınmasından sonra ev sahibi Yaponiya bu qərarın onlara nə qədər ziyan vuracağını hesablayıb.
Teleqraf.com xəbər verir ki, Kansai Universitetinin idman iqtisadiyyatı professoru Katsuhiro Miyamoto Tokio Oyunlarının 1 illik təxirə salınmasının onlara 6 milyard dollara yaxın ziyan vuracağını deyib. Yapon mütəxəssis bildirib ki, 2021-ci ilə qədər idman qurğularının təmiri və hazırlığı 3,8 milyard dollara başa gələcək.
Bundan başqa, Yaponiya iqtisadiyyatında, xüsusən də yüksək texnologiyalar, turizm və xidmət sektorlarında olan çatışmazlığın 2 milyard dollara çata biləcəyi deyilir.
Olimpiya məşəlinin tədbirlərin keçiriləcəyi ana qədər ev sahibliyi edən Yaponiyada qalacağı bildirilir. Olimpiadanın adlarının 2020 Tokio Olimpiya Oyunları və 2020 Tokio Paralimpiya Oyunları olaraq qalacağı da qeyd edilib.
Xatırladaq ki, 2020 Olimpiya Oyunlarına ev sahibliyi üçün Yaponiya,Türkiyə və Argentina arasında səsvermədə Yaponiya qalib olmuşdu.