NATO Qara dəniz bölgəsinin təhlükəsizliyi kontekstində Gürcüstan və Ukrayna üçün yeni bir dəstək paketi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, paketə bir sıra təşəbbüslər daxildir: Gürcüstan və Ukraynanın Qara dənizdə planlaşdırılan NATO təlimlərinə daha da çox cəlb edilməsi; hibrid təhdidlərə qarşı inkişaf etmiş əməkdaşlıq; Gürcüstanın regional Qara dəniz hava məkanı məlumatları mübadiləsi proqramına daxil edilməsi; Ukraynanın Gürcüstan-NATO təlimlərində, Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) fəaliyyətində və ya Gürcüstanın Müdafiə İnstitutunun (DİBS) planlaşdırılan fəaliyyətlərində fəal iştirakı.
Mənbə xatırladır ki, martın 27-də Gürcüstanın xarici işlər naziri David Zalkaliani və NATO-nun baş katibi Yens Stoltenberq telefonla bütün bu məsələləri müzakirə edib. Tərəflər tədbirlər paketini həyata keçirmək üçün işlərin davam etdirilməsinə razıdır.